Kanadalı qonaqlar Cəbrayıl və Zəngilan rayonlarına səfər edib

Azərbaycana səfər çərçivəsində Kanada nümayəndə heyəti Qarabağ bölgəsinin Cəbrayıl və Zəngilan rayonlarında olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Kanada İcmalar Palatasının üzvü, deputat Çandra Arya, Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyevadan ibarət nümayəndə heyətinin Qarabağa səfər proqramı Cəbrayıl rayonundan başlayıb.

Xudafərin körpüsünə çatanadək yolboyu müşahidə etdikləri dağıntılar kanadalı qonaqları çox təsirləndirib. Belə mənzərənin vaxtilə burada yaşamış, 30 il ərzində torpaqlarına həsrət qalmış azərbaycanlılarda hansı hisslər doğurduğunu yaxşı anladıqlarını vurğulayıblar.

Zəngilanın Ağalı kəndində olarkən qonaqlara “Ağıllı kənd” konsepsiyası əsasında yenidən tikilən bu yaşayış məntəqəsinin infrastrukturu barədə ətraflı məlumat verilib. Uşaq bağçasında və məktəbdə yaradılmış şəraitlə tanış olan qonaqlara şagirdlərin dünyagörüşünün zənginləşdirilməsi məqsədilə ayrılmış ədəbiyyat nümunələri sərgilənib.

Sinif otaqlarındakı şagird masaları arxasında əyləşən kanadalı qonaqlar Ağalı kəndində belə məktəbin fəaliyyət göstərməsini mühüm hadisə adlandırıb, bütün suallarını cavablandıran müəllimlərə yeni dərs ilində uğurlar arzulayıblar.

Ağalıda qonaqların getdiyi növbəti ünvan kənd sakinlərindən birinin evi olub. Əcnəbi müsafirləri qonaqpərvərliklə qarşılayan və öz doğma yurdlarına döndükləri üçün xoşbəxt olduqlarını vurğulayan ev sahibəsi xalqımızın sülh və barış içində yaşamaq istəyinin, Azərbaycan dövlətinin bölgənin normallaşma istiqamətində nümayiş etdirdiyi sülh səylərinin Kanada ictimaiyyətinə çatdırılmasını xahiş edib.

Qeyd edək ki, bu səfər Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması layihəsi çərçivəsində gerçəkləşdirilib.