“İraq-Türkman folklor mühitinin çağdaş durumu” mövzusunda seminar keçirilib

AMEA-nın Folklor İnstitutunda “İraq-Türkman folklor mühitinin çağdaş durumu” mövzusunda elmi seminar təşkil edilib.

Seminarda İraq-Türkman Jurnalistlər Cəmiyyətinin sədri, Kərkük Kültür Dərnəyinin rəhbəri, tanınmış tədqiqatçı və yazar Şəmsəddin Kuzəçi də iştirak edib.

Yığıncağı giriş sözü ilə Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov açaraq türk xalqlarının mənəvi dəyərlərinin qorunmasını, İraq-Türkman folklorunun toplanmasını və öyrənilməsini, bununla bağlı İraq-Türkman və Azərbaycan folklorşünas alimləri arasında birgə tədqiqatların aparılmasını təmin edə biləcək addımlardan danışıb.

Sonra Dr. Şəmsəddin Kuzəçi çıxış edərək, İraq türkmanlarının və Azərbaycan türklərinin eyni soydan gəldiyini, ortaq mədəniyyətə, dilə və folklora sahib olduqlarını qeyd edib. O, İraqın Kərkük, Mosul, Ərbil, Səlahəddin kimi vilayətlərində daha sıx yaşayan, zəngin folklor irsinə sahib olan İraq türklərinin - türkmanların mədəniyyəti, təhsili və ədəbiyyatının çağdaş durumundan, xalqın mənəvi bütövlüyünü təmin edən folklorunun günümüzdəki tədqiqi məsələlərindən ətraflı söhbət açıb, İraq-Türkman xoyratlarından nümunələr səsləndirib.

Daha sonra çıxış edən Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyeva Dr. Şəmsəddin Kuzəçinin ədəbi-elmi araşdırmaları haqqında məlumat verib. Məruzəçi qeyd edib ki, Şəmsəddin Kuzəçi 72 kitabın, o cümlədən 100-dən çox İraq-Türkman şairinə həsr olunmuş monoqrafiyaların, topluların müəllifidir. Səkinə Qaybalıyeva müəllifin uzun zaman ərzində ərsəyə gətirdiyi, istər Kərkükdə, istərsə də Türkiyədə jurnalistika fəaliyyəti dövründə apardığı araşdırmalarının toplandığı “İraq-Türkman mətbuat tarixi” əsərindən də bəhs edib.

İnstitutun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova çıxış etmiş, kərküklü söyləyici İbrahim Rauf Tərzidən topladığı xoyratların kitab şəklində nəşr olunacağını bildirib və yeni nümunələrin toplanması işində əməkdaşlığın önəmli olduğunu vurğulayıb.

Sonda Dr. Şəmsəddin Kuzəçiyə institutda nəşr olunan kitablar, audio-disklər hədiyyə olunub, xatirə şəkilləri çəkilib.