Ətlərdə at DNT-si və bakterioloji çirklənmə aşkar edilib

Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, döngə 1 ünvanında fəaliyyət göstərən ət satışı məntəqəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Baxış zamanı ət satışı məntəqəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin məntəqədə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarının pozulduğu məlum olub. Yoxlama zamanı baytarlıq ekspertizasından keçməmiş, mənşəyi məlum olmayan, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə normativ tələblərə cavab verməyən 40 kq istehlaka yararsız ət aşkarlanıb. Laborator müayinələrin aparılması məqsədilə ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən, ətlərdə at DNT-si və bakterioloji çirklənmə aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Mal əti adı altında istehlakçılara təqdim olunan məhsulların satışa çıxarılmasının və dövriyyəyə buraxılmasının qarşısı alınıb, müəssisənin fəaliyyəti dayandırılıb və sahibkar inzibati məsuliyyətə cəlb olunub.

AQTA bir daha istehlakçıları diqqətli olmağa çağırır, ət alarkən cəmdəyin üzərində möhürün olmasını və sağlamlığını təsdiq edən baytarlıq sənədini tələb etmələrini tövsiyə edir.