Müxtəlif regionlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində müxtəlif regionlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Araşdırmalar zamanı Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi, Beyləqan rayonunun Sitilçilik qəsəbəsi, Lənkəran rayonunun Günəhir, İsmayıllı rayonunun Quşencə və Diyallı kəndləri ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 130 ədəd müxtəlifcinsli ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 40 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.