Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı vatsap hesabı yaradılıb
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı vatsap hesabı yaradılıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bildirilib ki, ötən ildən etibarən Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun “802” qaynar xətt telefon zəng xidmətinə 3 min 136 vətəndaş müraciəti daxil olub. Müraciətlərdən 433-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1157-si narkotik asılılıqdan müalicə, 1546-sı isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və digərləri) bağlı olub. Nəticə etibarı ilə 622 nəfər narkoloji tibb müəssisələrində stasionar müalicəyə cəlb olunub, inzibati və cinayət xarakterli 305 fakt üzrə isə müvafiq tədbirlər görülüb və müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Bununla yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısını alınmasında və narkotik asılılıqdan müalicədə “802” qaynar xətt zəng xidmətinə daxil olan müraciətlərin aktivliyini nəzərə alaraq, vətəndaşlar tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı müvafiq foto və videomaterialların göndərilməsi üçün Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda “055-6000-802” mobil telefon nömrəsi vasitəsilə vatsap,“070-4000-802” nömrəsi vasitəsilə isə teleqram hesabları yaradılıb.

