FHN: Xilasedicilər dağlıq ərazidə köməksiz vəziyyətdə qalan iki yeniyetməni xilas ediblər

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında Bozdağ silsiləsi ərazisində iki yeniyetmənin itkin düşməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Aparılmış axtarış əməliyyatı nəticəsində yeniyetmələr dağlıq ərazidə köməksiz vəziyyətdə aşkarlanıblar.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə 2007-ci il təvəllüdlü N.Tağıyev və 2009-cu il təvəllüdlü A.Yusiflini dərədən qaldıraraq xilas ediblər.