Lənkəranda mal-qara oğruları saxlanılıb

Cəlilabadlı keçmiş məhkumlar Lənkəranda mal-qara oğurluqlarına görə saxlanılıblar. Saxlanılarkən onlardan birindən tapança aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kərgəlan, Şağlakücə, Haftoni və Ləj kəndlərinin ərazisindəki örüş sahələrindən müxtəlif vaxtlarda ümumilikdə 17 nəfərə məxsus mal-qaranı oğurlayan şəxslər saxlanılıb. Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama, gəzdirmə maddələri ilə məhkum olunmuş Anar Sarxanov və cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi Ramil Əliyev olduqları müəyyən edilib. Məlum olub ki, həmin şəxslər örüş sahələrindən oğurladıqları mal-qaranı A.Sarxanovun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə müxtəlif rayonların ərazisindəki heyvan bazarlarına apararaq orada satıblar. Həmin şəxslər saxlanılarkən Ramil Əliyevin üzərindən “Makarov” tipli tapança və həmin silaha aid 3 ədəd patron aşkarlanaraq götürülüb.