Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib 

İyunun 12-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilib.

Görüşdən öncə nazirlər Qəbələ şəhərində Şəhidlər xiyabanına gəlib, “Əbədi məşəl” abidəsinin önünə və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyublar.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi də ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.

Görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər. Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokal imzalanıb və kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib.