Nazir- İşğal müddətində bütün infrastruktur sıradan çıxarılıb
"Bu gün 30 illik işğaldan azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və layiqli dönüşü təmin edilir. Azad olunmuş ərazilərimizdə yerləşən hidrometeoroloji müşahidə məntəqələrində işğal müddətində müşahidələr dayandırılıb və müşahidə cihazları da daxil olmaqla bütün infrastruktur sıradan çıxarılıb. Hazırda həmin ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işləri davam edir".
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunda deyib.
“Çaylar üzərində 11 avtomat hidroloji stansiya, 6 avtomat meteoroloji stansiyası quraşdırılıb. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı müvafiq sərəncamına əsasən qarşıdakı illər ərzində bu müşahidə şəbəkəsi daha da genişlənəcək. Yenidənqurma işlərində “yaşıl” texnologiyaların tətbiqi həmin əraziləri yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanına çevirəcək. Bu tədbirlər həm iqlim dəyişmələrinə təsirlərin azaldılması, həm də bu təsirlərə daha dayanıqlı olmağa imkan verəcək. Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi İnkişafa dair Milli Prioritetlər” sənədində digər məsələlərlə yanaşı, qlobal iqlim dəyişmələrinin miqyasının azaldılması, yaşıl artım və təmiz ətraf mühitin təmin olunması yaxın illərə əsas strateji istiqamətlər kimi göstərilib”, - deyə Muxtar Babayev vurğulayıb.//Azərtac

