Macarıstanda təqaüdlə təhsil almaq üçün sənəd qəbulu aparılır
Macarıstanda 2024–2025-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində təhsillə bağlı sənəd qəbulu başlayıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, təqaüd proqramı Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-ci il 6 yanvar tarixində imzalanmış 2021–2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında anlaşma memorandumuna əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda bakalavriat, magistratura və doktorantura səviyyələrində təqaüdlə təhsil almaq imkanı yaradır. Təqaüd proqramına sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 2024-cü il yanvarın 15-i saat 23:59-dək aparılacaq.
Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (Tempus Public Foundation) yekun qərarının 2024-cü ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatla nazirliyin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür.