Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Rəsədxanadan bildirilib ki, seminarda ŞAR-ın Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin aparıcı elmi işçisi dosent Həmayil Adıgözəlzadə “Ae Herbiq tipli HD190073 ulduzunun 2015-ci ildə alınmış spektral müşahidə materialının təhlili” mövzusunda məruzə ilə çıxış edib.

H.Adıgözəlzadə müşahidələr zamanı ulduzun spektrinin bir sıra yeni xüsusiyyətlərinin aşkar edilməsindən danışıb. O bildirib ki, hidrogenin Balmer seriyasının Hα və Hβ xətlərinin şüalanma komponentlərinin profillərində və spektrofotometrik parametrlərində dəyişikliklər müəyyən edilib. Bu dəyişmələrin həm qısamüddətli (bir gün ərzində), həm də uzunmüddətli (bir neçə il ərzində) vaxt ərzində baş verdiyi aşkar olunub. Tədqiqatların nəticəsinə əsasən məlum olub ki, hidrogenin Hα xəttinin profillərində mavi udulma komponentinin güclənməsi ilə ulduzun spektrinin dəyişkənliyi artır. Bu isə həmin anda ulduzdan kütlə atılmasının və ya düşməsinin mövcudluğunu göstərir. Yalnız 2015-ci ildə alınan materialının analizi göstərdi ki, 98 günlük bir zaman intervalında, bu xətlərin sinxron dəyişkənliyi təxminən 40 günlük xarakterik vaxtla baş verir.

Hα və Hβ xətlərinin şüalanma komponentlərinin profillərindəki dəyişikliklərin monitorinqi göstərdi ki, xətlərdə əsas dəyişkənlik ayrı-ayrı komponentlərin qanadlarında baş verir.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.