Son beş gün ərzində meşə fondu torpaqlarında 287 minə yaxın ağac əkilib

Payız əkin planına uyğun olaraq ölkənin bütün regionlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən meşəbərpa tədbirləri davam edib. Son 5 gün ərzində meşə ərazilərində 286 840 ağac tingi əkilib, 5 tondan artıq toxum səpilib.

Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov deyib.

O qeyd edib ki, payız əkin mövsümü çərçivəsində keçirilən meşəbərpa tədbirləri bu gün Lənkəran, Lerik, Astara, Beyləqan, Ağcabədi, İmişli, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Quba, Ağdaş, Bərdə, Goranboy, Göygöl, Tovuz, Ağstafa, Gədəbəy, Samux, Hacıqabul, Sabirabad, Qobustan rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında aparılıb. Gün ərzində həmin rayonların meşə ərazilərində hər bölgənin iqlim şəraitinə uyğun 30 min 370 ağac tingi əkilib, 500 kiloqramdan artıq toxum səpilib.