Agentlik: Şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyulması barədə məlumat reallığı əks etdirmir
“Bu gün bir neçə onlayn mediada Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyulması barədə məlumatlar yayılıb. Məlumatın təhrif edildiyini və yayılan xəbərin reallığı əks etdirmədiyini bildiririk”.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, ötən tədris ilinin ikinci yarımilindən başlayaraq ölkəmizin 300 məktəbində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” tətbiq edilib: “Həmin qaydalara əsasən, şagird “ağıllı” saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona qaytarılır.
Bir daha yekun olaraq bildiririk ki, bu qayda yalnız pilot olaraq seçilmiş 300 məktəbdə tətbiq edilir”.

