UNEC-də Elm üzrə prorektor vəzifəsinə yeni təyinat olub

UNEC-də Elm üzrə prorektor vəzifəsinə yeni təyinat olub.

 

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Fariz Əhmədov UNEC-in Elm üzrə prorektoru təyin olunub.

 

Fariz Əhmədov 1983-cü ildə anadan olub. 1999-2003-cü illərdə UNEC-in Türk Dünyası İqtisad Fakültəsində “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə bakalavr təhsili alıb. 2002-2005-ci illərdə Türkiyənin Sakarya Universitetində “İdarəetmə və təşkilatlandırma” ixtisası üzrə magistratura, 2006-2010-cu illərdə isə doktorantura təhsili alıb. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Dosent” elmi adı verilib.

 

Əmək fəaliyyətinə UNEC-in Türk Dünyası İqtisad Fakültəsində müəllim olaraq başlayıb. 2010-2014-cü illərdə həmin fakültədə müəllim, baş müəllim, dosent və kafedra müdiri müavini vəzifələrində çalışıb. 2014-2017-ci illərdə “İqtisadiyyat və işlətmə” kafedrasının müdiri olub. 2016-cı ildən prorektor vəzifəsinə təyin olunanadək Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru vəzifəsində çalışıb.

 

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) həyata keçirdiyi “2016-cı ilin Gənc alimi” müsabiqəsinin qalibi olub. 2020-ci ildə "Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi" döş nişanı, eyni zamanda UNEC-in “Fəxri Fərman”ı ilə təltif olunub.

 

Nüfuzlu elmi platformalarda (Web of Science, SCOPUS) indekslənən jurnallarda 10- dan, beynəlxalq elmi jurnallarda nəşr olunmuş 30-dan çox elmi məqalənin müəllifidir.

 

“Strateji idarəetmə”, “Tədqiqat metodları” və “Biznesdə strateji idarəetmə” kitablarının həmmüəllifi, “Keyfiyyət İdarəetmə Sistemi”, “Qlobal İqtisadiyyatda Yeni İstiqamətlər”, “Exploring The Green Economy: Issues, Challanges and Benefits” kitabları ilə yanaşı, dünyaca nüfuzlu “İqtisadi İnkişaf – Michael Todaro – Stephen Smith” kitab tərcüməsinin elmi redaktorudur. Dünya Bankı, UNDP, Erasmus+ layihələri ilə yanaşı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, SOCAR Midstream, PAŞA Holdinq şirkətləri tərəfindən dəstəklənən elmi tədqiqat layihələrində rəhbər və koordinatorudur.