Baş Prokurorluqda ekoloji hüquqpozma faktları üzrə cinayət işi başlanıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 5 rayonunda və Bakı şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalar zamanı Lerik rayonunun Akinahiran, Quba rayonunun Möhüc, Şəmkir rayonunun Seyfəli və Ələsgərli kəndlərində, Ağdaş rayonunun Məşəd kəndində, paytaxtın Xətai rayonunun Babək prospektində meşə fonduna daxil olmayan, Tovuz rayonu ərazisində isə meşə fonduna daxil olan, ümumilikdə 357 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 48 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4 və 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarlarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.