Qida Təhlükəsizliyi Agentliyinin sədri Salyanda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2024-cü ilin yanvar ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yanvarın 12-si saat 10:00-da Salyan Rayon İcra Hakimiyyətində Şirvan şəhəri və Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  bildiriblər ki, vətəndaşlar agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq yanvarın 11-dək qəbula yazıla bilərlər.

Eyni zamanda, agentliyin region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.