Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Yanvarın 7-də Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin Azərbaycan xalqı tərəfindən böyük coşqu ilə qeyd edildiyi 2023-cü ilin parlaq illərdən biri olduğunu deyib.

Azərbaycanın bütün ölkə ərazisi üzrə suverenliyinin bərpa edildiyini diqqətə çatdıran Baş prokuror 2023-cü ildə ardıcıl hərbi-siyasi uğurların qazanılması, o cümlədən 2023-cü ilin aprelində Ermənistan və Azərbaycan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulması, sonra isə sentyabrın 19-da 24 saatdan da az davam etmiş lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi nəticəsində respublikamızın ərazisindəki bütün terror yuvalarının tamamilə ləğv edildiyini, separatçılıq meyillərinə birdəfəlik son qoyulduğunu vurğulayıb.

Qeyd edilib ki, ötən il Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydanına çevrilib, şəhərlərimiz və kəndlərimiz yenidən qurulmaqla, 5 mindən artıq məcburi köçkün öz doğma yurd-yuvalarına qayıdıb və bu proses davam etməkdədir.

Vurğulanıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən respublikamıza böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Müşavirədə diqqətə çatdırılıb ki, 2023-cü il prokurorluq orqanları üçün də uğurlu il olub. Əlavə edilib ki, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qəsdən adam öldürmə faktları üzrə ötən illərdən bağlı qalmış 7 iş, rayon (şəhər) prokurorluqları tərəfindən 3 iş, (Ordubad, Bakı şəhər Nizami, Sumqayıt şəhər prokurorluqları), Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən isə 1 iş olmaqla, ümumilikdə 11 iş daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılıb.

Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin əsas modullarının ötən il aprelin 1-dən istifadəyə verildiyini qeyd edən Baş prokuror hazırda yeni modulların yazılması və işlək modulların isə təkmilləşdirilməsi işlərinin aparıldığını bildirib.

Xüsusilə vurğulanıb ki, tabe qurumların infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində 2023-cü ildə Laçın və Qəbələ rayon prokurorluqlarının yeni inzibati binalarının açılışı olub. Hazırda isə Kürdəmir, Şəki və Bakı şəhəri Nəsimi, Nərimanov və Pirallahı rayon prokurorluqlarının yeni inzibati binalarının tikintisi davam etdirilir.

Baş Prokurorluğun digər dövlətlərin prokurorluq orqanları ilə beynəlxalq hüquqi əməkdaşlığına toxunan Kamran Əliyev qeyd edib ki, 2023-cü il ərzində Baş Prokurorluğun Beynəlxalq Prokurorlar Assosiasiyası, Avropa Prokurorlarının Məşvərətçi Şurası, Avropa Birliyinin Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyi (Eurojust), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin baş prokurorlarının Əlaqələndirmə Şurası və digər beynəlxalq təşkilatlarla, eləcə də xarici ölkələrin hüquq-mühafizə orqanları ilə əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilib. Baş Prokurorluğun rəhbərliyinin və digər məsul şəxslərinin xarici ölkələrə 16 səfəri, xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin Baş Prokurorluqda 35 qəbulu təşkil olunub, bir sıra xarici ölkələrin prokurorluq və digər hüquq-mühafizə orqanları ilə ikitərəfli əməkdaşlıq barədə sənəd layihələrinin hazırlanması, razılaşdırılması və bağlanmasının təşkili təmin edilib.

Vurğulanıb ki, 2023-cü il sentyabrın 15-də Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü görüşü keçirilib. Beynəlxalq əməkdaşlıq çərçivəsində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu konfransının və ümumi yığıncaq mərasiminin bu il sentyabrın 27-dən oktyabrın 2-dək Bakıda keçirilməsi nəzərdə tutulub.

2023-cü ildə normayaratma təşəbbüsü ilə bağlı fəaliyyətə toxunan Kamran Əliyev Baş Prokurorluq tərəfindən 28 normativ-hüquqi akt layihəsi hazırlanaraq göndərildiyini, ötən il ərzində Baş Prokurorluqdan Konstitusiya Məhkəməsinə 6 sorğu və 8 rəy verildiyini, Baş Prokurorluq tərəfindən hazırlanmış qiyabi məhkumetmə ilə bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin Milli Məclis tərəfindən qəbul edildiyini diqqətə çatdırıb.

Bildirilib ki, qarşıda duran əsas vəzifələrdən biri Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələrindən ibarət cinayətkar birlik (təşkilat) tərəfindən törədilmiş cinayət faktlarına görə Baş Prokurorluğun İstintaq idarəsinin icraatında olmaqla birgə vahid istintaq qrupu tərəfindən istintaqı aparılan cinayət işinin yekunlaşdırılması və təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verilməsidir.

Əməliyyat müşavirəsində Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2023-cü ilin nəticələrinə görə artım müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Eyni zamanda, hesabat dövründə görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunub.

Sonda 2023-cü ildə görülmüş işlərin vəziyyətinin ümumiləşdirilərək nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsinə yekun vuran Kamran Əliyev bildirib ki, Prokurorluğun kollektivi 2024-cü ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin reallaşdırılmasında, cinayətkarlığa qarşı digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasında zəruri tədbirlərin görülməsini təmin edəcək.