Jan-Lük Reytzer: Natəvanın heykəlinə qarşı vandalizm aktı Fransada Azərbaycana qarşı qarayaxma kampaniyasının təzahürüdür

Evianda azərbaycanlı şairə Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına çox kədərləndim və bunu təəccüblə qarşıladım. Təəssüf ki, Fransada Azərbaycana qarşı olan digər mənfi hallar kimi, bu vandalizm aktı da Azərbaycan qarşı qarayaxma kampaniyasının ifadəsidir. Bunun səbəbi Azərbaycanla bağlı reallıqların yayılmasına mane olmaq və əsl vəziyyəti tamamilə təhrif edən medianın manipulyasiyasıdır.

Yerveinsan.az xəbər verir ki, bu fikirləri sabiq fransalı parlamentari Jan-Lük Reytzer (Jean-Luc Reitzer) Evian şəhərində tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin vandalizm aktına məruz qalması ilə bağlı AZƏRTAC-ın sualına cavab olaraq söyləyib.

Sabiq deputat bildirib ki, nüfuzlu beynəlxalq təşkilatlarda aparılan müzakirələrdə Qarabağdakı separatçılara qarşı Azərbaycanın mübarizəsinə, eləcə də bu ölkənin öz suverenliyini və bütövlüyünü bərpa etməsinə haqq qazandırılıb. Bu separatçı qrupun qondarma “respublikası” dünyanın heç bir ölkəsi, hətta Ermənistan tərəfindən də tanınmamışdı. Bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Məhz buna görə də Azərbaycan hakimiyyətinin bu mövzu ilə bağlı mövqeyi ədalətli və haqlıdır.

“Ancaq təəssüf ki, bu reallıqların fransız mediasında tamamilə təhrif edilməsi bu gün Fransada anti-Azərbaycan reaksiyanın yaranmasına gətirib çıxarıb.

Evianda Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktı Azərbaycanın zəngin mədəniyyətinə, eləcə də mədəni irsə qarşı yönəlib. Bu vandalizm aktı cəzasız qalmamalıdır”, - deyə fransalı siyasətçi vurğulayıb.