Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin böyük təntənə ilə qeyd edildiyi 2023-cü ildə ölkəmizin həyatında bir çox mühüm hadisələrin baş verdiyini, bunların arasında Azərbaycanın bütün ölkə ərazisində dövlət suverenliyinin bərpasının mühüm yer tutduğunu diqqətə çatdırıb.

Nazir vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində qazanılan Zəfərdən və ötən il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi, Xocalı, Ağdərə və digər ərazilər düşməndən azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda xidmət aparan polis və Daxili Qoşunlar Böyük Qayıdış proqramının həyata keçirilməsi üçün əzmlə çalışaraq üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ictimai asayişin keşiyində ayıq-sayıq dayanırlar.

Antiterror tədbirlərində 12 hərbi qulluqçunun və 8 polis əməkdaşının şəhid olduğunu vurğulayan nazirin təklifi ilə şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Hesabat məruzəsi ilə çıxış edən nazir V.Eyvazov bildirıb ki, ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 36 min 811 cinayət qeydə alınıb, onlardan 87,8 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 360 fakt təşkil edib. Cinayətlərin 94,5 faizi və ya 34 min 783-ü daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 89,6 faizinin açılması təmin edilib.

Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 89,6, qeyri-aşkar şəraitdə baş verənlərin 84,6, şəxsiyyət əleyhinə olanların 98,4, onlardan qəsdən adam öldürmələrin 96,1, adam öldürməyə сəhdlərin 97,4, qəsdən sağlamlığa ağır zərər vurma hallarının 98,9, xuliqanlıq hallarının 96,3, mülkiyyət əleyhinə olanların 79,6, o cümlədən soyğunçuluq hallarının 98,1, quldurluq hallarının və hədə-qorxu ilə tələb etmə hallarının 97,5, avtonəqliyyat vasitəsini qaçırma hallarının 97,2, dələduzluq hallarının 92,1 faizi açılıb. Xırda talama hallarının açılmasının nəticələri 3,6 faiz yaxşılaşaraq 84,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 4.324 nəfər tutulub, 254 kriminal qrup zərərsizləşdirilib.

Eyni zamanda, keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında prokurorluq orqanlarının əməkdaşları ilə birgə nəzərəçarpan irəliləyiş əldə edildiyi, 426 fakt üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunduğu, o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrasında böyük iş həcminin yerinə yetirildiyi, habelə Dövlət Təhlükəsizliyi Xidməti ilə sıx qarşılıqlı əlaqədə dini radikalizmə qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə önəmli nəticələrə nail olunduğu xüsusi vurğulanıb və həmin dövlət orqanlarının əməkdaşlarına və rəhbərliyinə təşəkkür ifadə edilib.

Təqsirləndirilən şəxslərin axtarışının nəticələri də 2,3 faiz yaxşılaşaraq 87,8 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 53 nəfərin yeri müəyyən olunub.

Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 494 fakt müəyyən edilib, həmin cinayətlərə görə 262 nəfər tutulub. Ümumilikdə 12 min 648 odlu silah və 2,5 milyona yaxın sursat aşkarlanıb.

Qeyri-leqal dövriyyədən müxtəlif nominallı 3 min 487 saxta əsginas, istifadə müddəti ötmüş 6 min 310 ton yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Narkotiklərlə mübarizənin vəziyyətinə toxunan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirərək bildirib ki, qanunsuz dövriyyədən 4 ton 464 kiloqram, yəni 2022-ci illə müqayisədə 1 ton 46 kiloqram çox narkotik vasitə götürülüb, 620 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 366 fakt aşkarlanıb və müvafiq cinayətlərlə əlaqədar 160 cinayətkar qrup zərərsizləşdirilib. Nazir bu növ cinayətlərlə mübarizədə vətəndaşların iştirakını, məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini bildirərək onlara təşəkkür edib.

Həmçinin yeniyetmələr və gənclər arasında aparılan antinarkotik təbliğatın əhəmiyyətini nəzərə çatdıraraq bu qəbildən tədbirlərin davamlı və məqsədyönlü olması, fəaliyyətin ölkədə narkotiklərə tələbatın azaldılması məqsədi üzərində qurulması ilə bağlı göstərişlər verib.

Hesabat ilində 5 min 389, o cümlədən mediada qabaqcadan məlumat verilməklə respublikanın 60 şəhər və rayonundan 3 min 823 vətəndaş qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində və müsbət həll olunub. Eyni zamanda, nazirliyə daxil olan müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi təmin edilib.

Məruzə ətrafında çıxış edənlər görülən işlər, əldə olunan uğurlar, nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışıblar.

Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik V.Eyvazov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində müsbət nəticələrin inkişaf etdirildiyini xüsusi vurğulayaraq xidməti fəaliyyətin səmərəliliyinin daha da artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanma, dayanma və ya durmaların qarşısının alınmasını tələb edib. Həmçinin müasir texnologiyaların tətbiqi və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyini, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin xalqa xidmət funksiyalarını daha böyük peşəkarlıqla həyata keçirməsinin vacibliyini nəzərə çatdırıb.