Sürücülük hüququ olmadan narkotikin təsiri altında maşın sürən şəxs tutuldu

Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən şəxsin qanunazidd əməllərinin qarşısı alınıb.

Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumat görə, Neftçala rayon sakini Araz Abdullayevin idarə etdiyi “Jiquli” markalı avtomobil Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda xidmət edən Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı həmin şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb.

Bununla yanaşı, sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə və araşdırma zamanı Araz Abdullayevin narkotik maddə qəbul etməsi, eləcə də eyni əmələ görə bir müddət əvvəl də inzibati məsuliyyətə cəlb olunması müəyyən edilib.

Özü ilə yanaşı digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan Araz Abdullayev məhkəmənin qərarı ilə 30 gün müddətində inzibati qaydada həbs edilib.