Keniyanın Baş prokuroru Ağdama səfər edib

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Baş Prokurorluqdan  verilən məlumata görə, nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində səfərdə olub.

Birinci Qarabağ müharibəsi dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anaraq, xatirə abidəsi önünə gül dəstələri düzüblər.

Qonaqlar Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti ilə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin onlarda böyük təəssürat yaratdığını vurğulayıblar.

Nümayəndə heyəti Qarabağ xanı Pənahəli xanın sarayı və ailə üzvlərinin məzarının yerləşdiyi İmarət kompleksində, Cümə Məscidi və Ağdam Dövlət Dram Teatrında aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.

Keniyalı prokurorlar yolboyu yaşayış məntəqələri və tarixi-mədəni abidələrdə erməni vandalizminin izlərinin şahidi olmuşlar.

Səfər çərçivəsində nümayəndə heyəti Bərdə Rayon Prokurorluğunun fəaliyyəti ilə tanış olub.