DİN son zamanlar piyada vurulması ilə nəticələnən qəzaların sayının artması səbəbindən piyadalara müraciət edib

Piyada diqqətsizliyi bir çox hallarda sonradan bərpası mümkün olmayan nəticələrə səbəb olur.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, yol hərəkət iştirakçıları içərisində ən az müdafiə olunan piyadalar arasında hələ də öz təhlükəsizliyinə biganə yanaşan, özləri ilə bərabər digər hərəkət iştirakçılarını çıxılmaz vəziyyətə salan şəxslərə hər gün rast gəlinir. Bu kimi hallar təəssüf ki, bəzən ağır nəticələrə səbəb olur.

Nazirlik son zamanlar piyada vurulması ilə nəticələnən qəzaların sayının artması səbəbindən bir daha piyadalara səslənib: “Küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçin, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, əlvan geyimlərə üstünlük verin, qulaqlıqdan istifadə ətraf aləmlə əlaqəni məhdudlaşdırdığı üçün yolu keçərkən ondan istifadə etməkdən çəkinin, ictimai nəqliyyatı gözləyərkən və ona minib-düşərkən qəflətən avtomobil yoluna çıxmayın, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın.

Unutmayın, sizin həyat və sağlamlığınız çox dəyərlidir!”.