N Ə F S (hekayə)

Qəşəm İsabəyli
Şair, publisist, Beynəlxalq Andersen Şərəf Diplomu laureatı

Otuz ilin söhbətidi. Payız günlərinin birində orta məktəb yoldaşım yanıma gəlmişdi. Ucaboy, gülərüz, sifətindəki işıqdan başqa elə də cəlbediciliyi olmayan, hesabat verirmiş kimi əl-qoluyla danışmağı xoşlayan dostumun üz-gözündən həyat eşqi yağırdı. Onda mən, indi adından başqa heç nəyi qalmayan “İşıq” nəşriyyatının not-musiqi redaksiyasında otururdum. Redaksiyanın qadın işçiləri bir göz qırpımında vuruldu ona. Xüsusən də Afər xanımın marağı dostumu ilhama gətirmişdi. Şirvanlı ehtirasıyla basıb-bağlayırdı. Saat yarımdan sonra xudahafizləşib gedəndə redaksiya işçiləri nəşriyyatın qapısınacan ötürməyə çıxmışdı onu. O da bu ehtiramdan, deyərdim ki, qanad taxmışdı. Sonra da qadınlar məni tutdular sorğu-suala. Paxıllıqdanmı, nədənsə, xəsisliklə söz kəsənlik elədim:
– Yerlimdi, bir il bir məktəbdə oxumuşuq...
Beş aydan sonra təzəcə işə gəlmişdim ki, tanımadığım bir oğlan uşağı qapını döydü:
– Müəllim, çayxanada sizi bir kişi gözləyir.
Tələsik aşağı düşdüm. Gördüm dostum çayxananın bir qırağında – qarşısında bir çaynik çay, iki boş stəkan, beli bükülmüş vəziyyətdə oturub, gözünü zilləyib bir nöqtəyə. Məni görən kimi heç ayağa da durmadı. Günahqarışıq utancaq təbəssümlə üzümə baxıb, könülsüz-könülsüz əlimi çıxdı.
– Niyə yuxarı qalxmamısan?!
– Qalxa bilmədim...
– Nədən?
– Deyərəm.
– Gözümə kefsiz dəyirsən?!
– Bakılılar demişkən, dəryada gəmilərim batıb?!
– Qoy görək.
– Alverdə sınıq çıxmışam!
– Nə mənada?!
– Olub-olacağım gedib əlimdən. – Üzünə maraqla baxdığımı görüb, peşman-peşman gülümsədi. –Yeməyə çörəyim vardı, sürməyə maşınım vardı, xərcləməyə pulum vardı, dostlarım da vardı ətrafımda – qibtəylə baxırdılar mənə. Amma bunlar mənə azlıq eləyirdi. İstəyirdim adamların gözündə bir mərtəbə də ucalım.
Başladım təzə qazanc yeri axtarmağa. Böyük adamların birinin bacısı uşaqlarıyla qarşılaşanda çiçəyim çırtladı: “Mənim də atımın nalınamı, alnınamı gün doğarmış!”. Onların söhbətindən belə başa düşdüm ki, Rusiyada tomat pastasının ayağı yerə dəymir. 5 min banka apar, bir ətək pulu qatla qoy cibinə. Eləmədim tənbəllik, beh verib, 10 min bankanı sayıb götürdüm. Vaxt qoydular. Vaxt da ticarətdə qumarda uduzmaq kimi bir şeydi.
– Narahat olmayın, inşallah, 10-15 gün qabaqcadan pulunuzu gətirib qoyacağam ovcunuza.
– Hamı belə deyir, əziz dost!
– Şirvanlı balasının yalanı olmaz!
– Unutma ki, hər gecikdiyin gün üçün 1 faiz artıq ödəməli olacaqsan.
Sağ əlimi qoydum sol gözümün üstünə.
– Nədən sol?!
– Sağımdan arxayın deyiləm.
– Niyə?
– Yaxşı görmür.
Gülüşdülər...
Malı yük maşınıyla vurdum Rusiyaya, özüm də dalıyca uçub getdim. Saratovda yükü qarşılayıb yer-yurd elədim. Nümunə üçün bir qədərini çıxartdım bazara. Adamlar quş kimi aldı üstümü. Gördüm, bankanı əlinə götürüb o-üz bu üzünə baxan-baxan yerə qoyub, mənalı-mənalı məni süzüb, çıxıb gedir.
“Başa düşmədim, köpək uşağı, dünyanın o başından sizə Allah neməti gətirmişəm, bu nə məzəmmətdi?! – Ürəyimdə gileyləndim. – Barı dadına baxın!”. Hətta birini də açıb nümunə kimi qoymuşdum ortalığa. Heç barmaqlarını batırıb dillərinə də vurmadılar. Çaşıb qaldığımı görən bir Allah bəndəsi qulağıma pıçıldadı, – bunun istehsal tarixi, yararlılıq müddəti, nettosu... bruttosu... hanı?!
– Netto… brutto nədi, qardaş?!
– “Netto”, malın qabsız çəkisi. “Brutto”, malın qabla birlikdə çəkisi.
– Vallah, Bakıda netto-brutto soruşsan, satıcılar başını yarar.
Allah bəndəsi diqqətlə üzümə baxıb, başını yelləyə-yelləyə dönüb getdi.
Demə, böyük adamın bacısı uşaqları tomat pastasını eləcə bankalara doldurub, üstünə də pomidor şəkli yapışdırıb, veriblərmiş qoltuğuma. Mən də hər yeri Azərbaycan bildiyimdən, ağlıma da gəlməmişdi ki, baxım görüm, zəhrimara qalmış pomidor pastasının istehsal tarixi, yararlılıq müddəti haçandı. Rusa da, bankanın içindəkindən çox çölü lazımdı – 500 qram əvəzinə 100 qram da olsa, təki etiketi olsun, elə dolu banka kimi də qəbul eləyəcəklər.
Malı bazardan çıxardıb, aparıb tökdüm kirayədə qaldığım həyətə. Elə axşam-axşam axtarıb bir mətbəə tapdım. Sifariş verib, malın çəkisi, istehsal tarixi, yararlılıq müddəti... nettosu... bruttosu... möhür düzəltdirdim. Səhər sübh namazı başlayanda...
Gözüm kəlləmə çıxdı:
– Nədi, yoxsa sən də özünü vermisən namaza?!
– Bir o qalmışdı!
– İndi millətin az qala hamısı namaz əhli olub.
– Millət çaşıb, elə bilir müsəlmançılıq namaz qılmaqdan ibarətdi! Lənət şeytana. Onu deyirdim axı. Qolumu çırmaladım. Özüm tək, banka da on min... Şappa-şap başladım bankaların kürəyinə möhür salmağa. Necə qızışırdımsa, yemək-içmək də yadımdan çıxırdı. Bir də onda ayılırdım ki, bir əlimdə möhür, bir əlimdə banka, başımı qoymuşam taxta qutunun üstünə, ağzımın seliyi də daşdan su damcılayan kimi axıb tökülüb şalvarımın çataşığına.
15 günə bankaları möhürləyib qurtardım. Çıxartdım bazara – baxan-baxan göydə qapırdı. Bir gün də gördüm, nəsə mal ağır gedir. O yan-bu yana boylananda, boğazım qurudu. Yalançılar sözü bazarda tomat əlindən iynə atsaydın yerə düşməzdi. Yerlilərim parta-part tomat pastası satırdı.
Artıq malın pulunu vermək vədəm də tamam olmuşdu, hələ də 3-4 min satılmayan banka qalmışdı. Bakıdan da xəbər xəbər dalıyca gəlirdi – bizimlə zarafat eləmək fikrinə düşməyəsən, ha!
Malı dəyər-dəyməzinə satıb, geri qayıtdım. Haqq-hesab zamanı məlum oldu ki, əlim ətəyimdən uzun gəlir – mayanı da yemişəm, qazancı da. Qayıtdım Kürdəmirə. Gördüm, yoldaşım, uşaqları da götürüb ehtiyac üzündən çıxıb gedib atası evinə. Evdə tək qalan bacım da acından ölüb.
2 gündən sonra ailəm geri qayıtdı. Bərk sevinirdilər. Elə bilirdilər, yel əsib, qoz tökülüb...
Başladı ağır günlərim. Bir adamdan da borc almağa üzüm gəlmirdi. Qorxurdum, məni araya qoyalar. Bir az dəmir-dümürüm vardı, satıb, puluyla gün keçirtməyə başladıq. Bir səhər evdən çıxanda yoldaşım dedi:
– Çörək alarsan.
3 çörək alıb gətirib verdim evə. Günorta qayıdanda, gördüm arvad diqqətlə üzümə baxır.
– Deyəsən, məni birinci dəfədi görürsən?!
– Çörək almamısan?
– Nə çörək… bayaq aldığım çörək deyildi?!
– Ay bəxtəvərin balası, iki oğlun var, hər biri bir dana boyda, onlara 3 çörək bəs eləyər, elə yavan-yavan basıb yedilər?!
İnan, dünya gözümdə zülmət qaranlığa döndü. Cibimdə bir qara qəpik də yox idi. Qapının ağzındakı kətilə yanımı qoyub, əllərimlə başımı tutdum...
Bir xeyli vaxt nə o dilləndi, nə də məndən səs çıxdı.
– Bilirsən, niyə gəlmişəm?
Əlbəttə bilirdim, amma sual dolu nəzərlərimi dikdim üzünə.
– Mənə pul lazımdı…
Dinmədim.
– Səsin niyə batdı, olma sən də mənim kimi sınıq çıxmısan?!
– Ehtiyacın nəyədi?
– Yüz minə!
– Onda gərək özümü də satam.
– On dəfə aza da qane olaram!
Fikrə getdim.
– Bəxşiş yox ha, borc! Rəqəm dilinə çevirsək – on min.
Zəka sahiblərinin məsləhəti yadıma düşdü – “İstənilən borcun yarısını verəsən gərək”.
– Min manata gücüm çatar.
Ağlımdan müdriklərin bu fikri də keçdi – borc vermə, verdinsə, qayıdacağından ümidini kəs.
– Onu da bəxşiş!
– Allah səndən razı olsun! Düzünü bilsən, yaram çox dərindi, yüz min də sağaltmaz. Amma indi min də məndən ötrü böyük puldu.
– Allahın verdiyinə qane olaydın gərək!
Əlini əlinə vurub elə şaqqıldayıb güldü ki, ətrafdakılar çevrilib heyrərtlə bizə baxdı.
Çaşıb qaldım: “Bu dərd hara, bu gülüş hara?!”
– Nədi, gülüşüm səni pis fikrə saldı, deyəsən?!
Başımı yellədim.
Bayaq stolu döşüylə qabağa itələyib, yan tərəfə çevrildi – sağ qıçını qaldırıb, ikiəlli dizindən yapışıb aşağı basdı. Protez taqqadan yerə düşdü. Gördüm ayağı dizdən aşağı yoxdu.
– Bu nədi?!
– Nəfs...

03.08-12.09.2023