Bu ixtisasa qəbulda yenilik 

Məlum olduğu kimi, ötən tədris ilindən etibarən “Bədən tərbiyəsi və idman” istiqamətinə daxil olan ali təhsil müəssisələrinin məşqçilik ixtisasına tələbə qəbulu idman növləri üzrə aparılır. Bu il məşqçilik ixtisasının əhatə etdiyi idman növlərinin sayı 20-dən 26-ya yüksəlib. Yeni idman növlərinə badminton, kamandan oxatma, kanoe və avarçəkmə, tennis, triatlon və qış idman növləri daxildir.

Yerveinsan.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu ildən etibarən Bədən tərbiyəsi və idman istiqamətinin 61-ci komissiyasına aid məşqçilik ixtisasına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və ya qeyri-məqbulla deyil, balla qiymətləndiriləcək.

Abituriyentlər məşqçilik ixtisasına daxil olan idman növləri üzrə qabiliyyət imtahanından topladıqları balla müsabiqədə iştirak edəcəklər. Qabiliyyət imtahanının qiymətləndirilməsi 10 ballıq şkala ilə aparılır, 6 və daha yuxarı bal toplayanlar müsabiqəyə buraxılırlar.