DİN vətəndaşlara xəbərdarlıq edir

Yaxın qohumlarının xəstə olması, müalicəsinə təcili pul lazım olması ilə bağlı vətəndaşlara kütləvi zənglər edilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, naməlum şəxslər müxtəlif xarici, yerli nömrələrdən mobil və ev telefonlarına zənglər etməklə yaxın qohumları – övladı, bacısı, qardaşı, atası və anasının xəstəxanaların birində ağır vəziyyətdə olması ilə bağlı vətəndaşlara yalan məlumat verərək təcili ödəniş olunması üçün müxtəlif məbləğlərdə pul vəsaitləri tələb edirlər. Cinayətkar şəxslər və qruplar tərəfindən əsasən ahıl, tənha vətəndaşlar hədəf seçilməklə, onların yaşadıqları ünvanlara kuryerlər göndərməklə tələb olunan vəsaitlər nağd və ya onlayn formada ələ keçirilir.

Bütün bunları nəzərə alaraq, DİN vətəndaşlara xəbərdarlıq edir ki, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər.