Kilsədağ məbədində arxeoloji tədqiqatlar yeni mövsümdə uğurla davam etdirilir
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirməsi komissiyası Kilsədağ məbədlər kompleksində ötən ay həyata keçirilən arxeoloji tədqiqatların inspeksiyasını aparıb.
İnstitutdan bildirilib ki, monitorinq qrupunun üzvləri professor Hidayət Cəfərov və şöbə müdiri Ceyhun İsmayılov Kilsədağ məbədlər kompleksi ərazisində 2022-ci ildən aparılan arxeoloji tədqiqatlarla yerində tanış olublar.
Qafqaz Albaniyasının maddi-mədəni irsinin arxeoloji tədqiqi ekspedisiyasına institutun Antik dövr və Alban arxeologiyası şöbəsinin müdiri Natiq Alışov rəhbərlik edir. O bildirib ki, Qəbələ rayonunun Böyük Əmili kəndində yerləşən Kilsədağ məbədlər kompleksi ətrafında aparılan arxeoloji tədqiqat işlərinə XX əsrin 70-ci illərinin əvvəlində mərhum arxeoloq Rəhim Vahidov tərəfindən başlanılıb. Tədqiqatlar nəticəsində Qafqaz Albaniyası dövlətinin mövcud olduğu dövrə aid dairəvi formalı məbədin qalıqları üzə çıxarılıb.
2020-2022-ci illərdə Kilsədağ məbədlər kompleksinin ərazisində aparılan yerüstü arxeoloji kəşfiyyat nəticəsində həmin sahədə dairəvi məbəd kompleksi ilə birbaşa bağlılığı olan tikili qalıqları qeydə alınıb. Müşahidə olunan tikili qalıqlarının Kilsədağ məbəd kompleksi ilə bağlılığını nəzərə alaraq, 2022-ci ildə onların memarlıq xüsusiyyətinin müəyyən edilməsi istiqamətində arxeoloji tədqiqatlara başlanılıb.
Builki tədqiqatların ilkin nəticələrinə əsasən daha iki ədəd dini-ictimai təyinatlı bina qalıqlarının bünövrəsi müəyyən edilərək arxeoloji qazıntılara cəlb edilib. Tədqiqat prosesində dairəvi məbəd kompleksi ilə eyni dövrə aid iriölçülü binaların sayı beşə çatıb.
Ərazidən tədqiqatlar zamanı çoxlu sayda son antik, ilk orta və orta əsrlərə aid saxsı qab, şüşə, kirəmit, bişmiş kərpic qalıqları, həm də numizmatik nümunələr aşkar edilib.
Ekspedisiya rəhbəri aşkar olunan maddi-mədəniyyət nümunələrinə əsasən dairəvi məbəd kompleksi ətrafında antik və ilk orta əsrlərdə qala divarları ilə əhatə olunan dini təyinatlı “Akropol”un formalaşdığını ifadə etməyə imkan verdiyini qeyd edib. Bu dini ictimai təyinatlı tikililərin üzə çıxarılması və ərazinin relyefi nəzərə alınmaqla qala divarları xaricindəki tikililərin terrasvari formada inşa olunması diqqət çəkən məqamlardandır.
Üç-dörd hektara yaxın ərazidə müşahidə edilən tikili qalıqlarında bürc yeri və mühafizə divarlarının olması Kilsədağ məbədlər kompleksi ətrafında din xadimlərinin məskunlaşması fikri üzərində düşünməyə əsas verən amillərdəndir.
Aşkar edilmiş bu tikili qatları və divarları daxilində çoxlu sayda antik dövrlə səsləşən kərpic və kirəmit qalıqları bizə mövcud tikililərdən daha öncə burada başqa bir dini ictimai kompleksin olduğuna işarə verir.
Arxeoloji tədqiqatlar Kilsədağ məbədlər kompleksi ərazisində yaxın gələcəkdə stasionar ekspedisiyanın yaradılması zərurətini meydana çıxarır. Bu da regionda arxeoturizmin inkişafına və Qafqaz Albaniyasında dini mədəni proseslərin öyrənilməsi istiqamətində geniş imkanlar yaradır.
Monitorinq qrupunun üzvləri hazırkı məqamda Qafqaz Albaniyasının maddi-mədəni irisinin öyrənilməsi istiqamətində belə geniş sahədə tədqiqatların aparılmadığını vurğulayıblar. Onlar növbəti aylarda arxeoloji tədqiqatların davam etdirilməsinin zəruri olduğunu bildirdilər.
Qeyd edək ki, Kilsədağ məbədlər kompleksi ərazisində arxeoloji tədqiqatlar iyulun 30-dək davam edəcək.