Türkiyə İraq ərazisində antiterror əməliyyatlarını davam etdirəcək

İraqın Ankaradakı səfirliyinin müşaviri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə XİN-in mətbuat katibi Hami Aksoy məlumat verib.

Bildirilir ki, Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı həyata keçirdiyi antiterror əməliyyatlarında guya mülki əhalinin zərər çəkməsi barədə deyilənlər həqiqəti əks etdirmir. Diqqətə çatdırılır ki, İraq Kürd Regional Rəhbərliyi baş verənlərə görə, PKK terror təşkilatının məsuliyyət daşıdığını ifadə etdiyi halda rəsmi Bağdadın həqiqətəuyğun olmayan başqa bir mövqe nümayiş etdirməsi son dövrlər Türkiyə-İraq münasibətlərindəki inkişaf vəziyyəti ilə üst-üstə düşmür.

Qeyd olunur ki, rəsmi Ankara İraqın ərazi bütövlüyünü və suverenliyini müdafiə etməklə bərabər, bu ölkədəki terror təşkilatlarının mövcudluğuna son qoyulmasını istəyir və bu məqsədlə də antiterror əməliyyatlarını davam etdirəcək.