Bakı-Pirşağı-Sumqayıt qatarlarının hər iki istiqamət üzrə bir neçə reysi müvəqqəti ləğv edilir

COP29 tədbirlərinə hazırlıq çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmiryol nəqliyyatında artacaq sərnişin tələbatını nəzərə alaraq qatarların qrafik üzrə fasiləsiz fəaliyyətinin təmin edilməsi məqdəsilə Abşeron dairəvi dəmiryol xətti üzrə infrastruktura kompleks baxış keçirib.

QSC-dən  bildirilib ki, fəaliyyətində təhlükəsizliyə xüsusi önəm verən ADY sərnişinlərin mənzilbaşına rahat və vaxtında çatdırılması məqsədilə Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə əlavə texniki fasilə götürülməsinə qərara verib.

“Belə ki, oktyabr 30-dan noyabr 7-dək Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu ilə qeyri-pik saatlarda hərəkət edən qatarların qrafikində dəyişiklik edilir. Dəyişikliyə əsasən, qeyd olunmuş 9 gün ərzində Bakıdan saat 09:30-da və 10:00-da, Sumqayıtdan isə 10:00-da və 11:00-da yola düşən sürət qatarlarının reysləri müvəqqəti olaraq ləğv edilir. Götürülmüş texniki fasilə müddətində ərazidə kontakt şəbəkəsi, rabitə və işarəvermə qurğuları, o cümlədən yoldəyişənlərin tam saz vəziyyətə gətirilməsi üçün profilaktik işlər aparılacaq. Digər qatarların hərəkəti 16.09.2024-cü il tarixində təsdiq olunmuş hərəkət cədvəli üzrə dəyişiklik edilmədən qüvvədə saxlanılır”, - deyə ADY-nin məlumatında bildirilir.