Diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi oktyabr ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikasını açıqlayıb.

Agentlikdən bildirilib ki, oktyabr ayı üzrə 665 müraciətçinin 540-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 125 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbindən 101, dövlət nümunəli olmayan diploma görə 14, təhsil forması səbəbindən 5, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alması səbəbindən 1, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbindən 1, akkreditasiyasız ali təhsil müəssisəsi olduğuna görə 1, ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbindən 1, qısaldılmış proqram səbəbindən 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 208, Rusiyadan 203, Türkiyədən 135, Belarusdan 41, Gürcüstandan 25, Birləşmiş Krallıqdan 12, ABŞ-dan 9, Almaniyadan 5, Qazaxıstandan 3, Çindən 3, İtaliyadan 3, Macarıstandan 3, İspaniyadan 2, İsveçdən 2, İran, Kanada, Şimali Kipr Türk Respublikası, Koreya Respublikası, Latviya, Litva, Misir, Özbəkistan, Pakistan və Qırğızıstandan hər bir ölkə üzrə bir müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 129, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 66, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 35, biznesin idarə edilməsi üzrə 28, iqtisadiyyat üzrə 28 müraciət qeydə alınıb.