Bu restoranın fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən “İz oil” yanacaqdoldurma məntəqəsinin ərazisində fəaliyyət göstərən “İz” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Məlum olub ki, obyektin önündə yanğınsöndürmə vasitələrinin yerini göstərən lövhələr asılmayıb, eləcə də obyektin köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmayıb. Həmçinin odsöndürən balonların yerləşdiyi yerlər müvafiq işarələrlə göstərilməyib , obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “İz” restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.