FHN təhlükəsizlik tələblərinə cavab verməyən körpülü kranların istismarını dayandırıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Bərdə şəhərində fəaliyyət göstərən “Bərdə İnşaat Sənaye” ASC-yə məxsus beton zavodunda plan üzrə yoxlama aparılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Zavodda istismar olunan 3 ədəd körpülü kranın arabacığının son həddini və qarmağının yuxarı həddini məhdudlaşdıran avtomatik qurğunun olmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, körpülü kranların istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunan aktın bir nüsxəsi sahibkara təqdim edilib.