Mütəxəssis: Azərbaycanın sənaye potensialının genişləndirilməsi üçün yeni imkanlar açılır
Azərbaycanın zəngin mineral-xammal bazası, müxtəlif növ faydalı qazıntı yataqları və əlverişli coğrafi mövqeyi ölkəmizdə dağ-mədən sənayesinin qeyri-neft sektorunun mühüm istiqamətlərindən birinə çevrilməsi üçün ciddi əsaslar yaradır. Mövcud faydalı qazıntı yataqlarının müasir texnologiyalar, səmərəli idarəetmə və beynəlxalq standartlar əsasında iqtisadi dövriyyəyə cəlb edilməsi ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni gəlir mənbələrinin formalaşdırılmasına və neft-qaz sektorundan asılılığın azaldılmasına mühüm töhfə verə bilər.
Yerveinsan.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə dağ-mədən mühəndisi, texniki elmlər üzrə fəlsəfə doktoru Azər Şükürovun "Azərbaycanın dağ-mədən sənayesi: Böyük potensialdan strateji iqtisadi gücə doğru" mövzusunda məqaləsində qeyd olunub.
Bildirilib ki, dağ-mədən sənayesinin inkişafı, eyni zamanda, regionlarda iqtisadi fəallığın artırılması, yeni iş yerlərinin yaradılması, yerli infrastrukturun inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmin olunması baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dağ-mədən sənayesinin inkişafına göstərilən diqqət və həyata keçirilən iqtisadi islahatlar bu sahənin yeni mərhələyə çıxarılması üçün mühüm zəmin formalaşdırır. Bu baxımdan Prezident İlham Əliyevin 2026-cı il 23 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” mühüm strateji əhəmiyyət daşıyır. Sənəd dağ-mədən və metallurgiya sənayesinin inkişafının yeni mərhələsini müəyyənləşdirir, qarşıdakı illər üçün konkret hədəf və vəzifələri ortaya qoyur.
Dağ-mədən və metallurgiya sənayesi: Yeni sənaye mərhələsi
Həmçinin vurğulanıb ki, Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri qeyri-neft sektorunun daha sürətli inkişaf etdirilməsi, sənaye istehsalının şaxələndirilməsi və yeni iqtisadi artım mənbələrinin formalaşdırılmasıdır. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsi yalnız ayrı-ayrı istehsal sahələrinin inkişafına yönəlmiş təşəbbüs deyil. Sənəd ölkənin sənaye siyasətində yeni mərhələnin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təbii ehtiyatların iqtisadi dövriyyəyə daha səmərəli cəlb edilməsi, xammalın emalı və əlavə dəyər yaradan istehsal zəncirinin formalaşdırılması Azərbaycanın sənaye potensialının genişləndirilməsi üçün yeni imkanlar açır. Dağ-mədən sənayesinin metallurgiya ilə əlaqəli şəkildə inkişaf etdirilməsi isə bu imkanları daha da genişləndirə bilər. Beləliklə, söhbət yalnız filizin çıxarılmasından deyil, xammaldan son məhsula qədər uzanan müasir sənaye zəncirinin yaradılmasından gedir. Dövlət Proqramının qarşıya qoyduğu hədəflər də məhz bu yanaşmanı əks etdirir. Dörd il ərzində həyata keçirilməsi nəzərdə tutulan proqram çərçivəsində milyardlarla manat həcmində layihələrin reallaşdırılması, 5 mindən çox daimi iş yerinin yaradılması, dövlət büdcəsinə vergi daxilolmalarının artırılması və güclü ixrac potensialının formalaşdırılması nəzərdə tutulur. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni istehsal və məşğulluq imkanlarının yaranması proqramın regional inkişaf baxımından əhəmiyyətini daha da artırır. Proqram çərçivəsində həyata keçiriləcək layihələrin illik müsbət maliyyə təsirinin 1 milyard manatdan çox olmasının gözlənilməsi də sektorun iqtisadi potensialını nümayiş etdirən mühüm göstəricilərdən biridir.
Əsaslı dönüş üçün möhkəm zəmin
Məqalədə qeyd edilib ki, Azərbaycanın dağ-mədən sənayesinin inkişafı istiqamətində müxtəlif dövrlərdə mühüm dövlət sənədləri qəbul edilib. Bu sənədlərin əsas hədəflərindən biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi olub. Xüsusilə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində qeyri-neft sektorunun inkişafı, yeni istehsal sahələrinin yaradılması və iqtisadiyyatın şaxələndirilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdi.
Bu yanaşmanın davamı olaraq mineral resurslarla zəngin regionlarda geoloji-kəşfiyyat işlərinin genişləndirilməsi, mövcud yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi və dağ-mədən sənayesinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Lakin dağ-mədən sektorunun inkişafı yalnız hasilatın artırılması məsələsi deyil. Bu proses regionların sosial-iqtisadi inkişafı, məşğulluğun genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, nəqliyyat və kommunal infrastrukturun inkişafı, həmçinin metallurgiya və digər sənaye sahələri ilə inteqrasiyanın gücləndirilməsi baxımından kompleks xarakter daşıyır.
Qarşıda duran əsas məsələlər
Eyni zamanda, bildirilib ki, mövcud potensiala baxmayaraq, dağ-mədən sektorunun inkişafı qarşısında bir sıra problemli məsələlər qalmaqdadır. Bunların arasında:
- Özəl şirkətlər tərəfindən yataqların qeyri-müvafiq şəkildə istismarı;
- Əməliyyatların səviyyəsinin özəl şirkətlər tərəfindən beynəlxalq standartlara uyğun səviyyədə olmaması;
- Özəl şirkətlər tərəfindən yataqların istismarı ilə əlaqəli yaranan ekoloji problemlər;
- Filizli və qeyri-filizli yataqlarını bir mərkəzdə birləşdirən dağ-mədən fəaliyyəti üçün mərkəzləşdirilmiş qurumun olmaması;
-İxtisaslaşdırılmış texniki məktəbin olmaması və ali təhsil müəssisələrində mədənçilik sahəsində ekspert və mütəxəssislərin hazırlanması üçün şəraitin məhdud olması kimi məsələlər durur.
“Bu məsələlərin həlli sektorun yalnız hasilat imkanlarını deyil, onun uzunmüddətli iqtisadi səmərəliliyini də müəyyən edəcək”, - deyə məqalədə bildirilib.
Müxbir - Göyçək Mahmudlu

