Bakıda leysan yağış yağır

Aprelin 16-sı saat 6:00-a olan məlumatına əsasən ölkə ərazisində saat 00:00 radələrindən başlayan yağış, hazırda güclü leysan yağışına keçib və bəzi ərazilərdə şimşək çaxır.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qobustan avtomat meteoroloji stansiyasının məlumatına əsasən Qobustan ərazisində saat 00:10-dan başlayaraq güclü yağış yağır. Düşən yağıntının miqdarı 33 mm olub ki, bu da aylıq normanın 66%-ni təşkil edir və təhlükəli hidrometeoroloji hadisə hesab olunur.

 Dağlıq ərazilərdə - Daşkəsən, Qrız (Quba), Xınalıq, Gədəbəydə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağış yağır.

Yaxın saatlarda prosesin gedişatı ilə bağlı yenilənmiş məlumat təqdim olunacaq.