"İslam aləmində qadın mübarizəsinin öncülləri Azərbaycan ziyalıları olub"

Xaricdə yaşayan ziyalılarımızın, alimlərimizin müxtəlif sahələr üzrə uğurlu tədqiqatları var. Amma beynəlxalq aləmdə ilk dəfədir ki, Azərbaycan qadınları ilə bağlı tədqiqat aparılıb.

Həmyerlimiz şərqşünas, filoloq, tərcüməçi Melaike Hüseyin (Məleykə Hüseynova) ingiliscə yazdığı "The Social Status of Women in Azerbaijan in the Light of Azerbaijani Journalism in the years 1875-1920" (“Azərbaycan jurnalistikasının işığında qadınlarımızın sosial vəziyyəti” (1875-1920), adlı doktorluq dissertasiyası Varşava Universiteti Tarix Kafedrası komissiyasının yekdil qərarı ilə qəbul olunub və polşalı alimlər tərəfindən böyük maraqla qarşılanıb.

Mayın 31-də Varşava Universitetində keçirilən təntənəli mərasimdə rektor, professor Aloyzı Novak (Alojzy Nowak) həmyerlimizə elmi dərəcə diplomunu şəxsən təqdim edib.

- Melaike Hüseyin kimdir? Öncə Sizi tanıyaq.

- Azərbaycan Türküyəm, Bakıda doğulmuşam. 14 yaşıma kimi Bakıda yaşamışıq. Türkiyə ilə Azərbaycan arasında münasibətlər bərpa olunmağa başladıqdan sonra valideyinlərimə Türkiyədən iş təklifi gəldi və biz 1993-cü ildə Bakıdan Ankaraya köçdük. Anam Şəfiqə Hüseyinova Ankara Dövlət Universitetində rus dilini tədris edib, mərhum atam Nadir Hüseynov da Bilkent, Başkent və TOBB Universitetlərində rus filologiyası üzrə müəllim işləyib.

Mən orta məktəbi Ankarada bitirdim. Xaricdə yaşadığın ölkənin vətəndaşı olmadan həyat sürmənin çətinliklərinə görə biz də Türkiyə vətəndaşlığını qəbul elədik. Yeri gəlmişkən, bəzən məndən soruşurlar, adım niyə Melaikedir. O zaman Türkiyə vətəndaşlıq idarəsində adım Melaike yazılıb və bütün sənədlərdə də belə qeydiyyata alınıb. Onu da deyim ki, o vaxt Azərbaycan və Türkiyə qanunlarına görə, ikili vətəndaşlıq yox idi. Biz Bakıdan ayrılanda valideynlərimin pasportları Sovet pasportu olub. Türkiyə vətəndaşlığını qəbul elədik. Hazırda ən böyük arzum Azərbaycan vətəndaşlığımın bərpa olunmasıdır.

Ankara Dövlət Universitetinin Polşa Filologiyası fakültəsini bitirmişəm. Ankarada TRT Radiosu Rus Dilində Haber Bölməsində, British Council Poland, Varşava İqtisad Universitetində, sonra da 12 il Türkiyənin Polşadakı Səfirliyində çalışdım. Polşada işlədiyim müddətdə Vilayət Quliyev və Həsən Həsənov da Azərbaycanın Polşadakı səfirləri olublar. Hər ikisi də Azərbaycanla bağlı elmi tədqiqat üzərində işləyirdi, onlarla ünsiyyət və ailəmin ikinci dəfə müstəqilliyi bərpa olunan Azərbaycanla bağlı mütərəqqi düşüncələri məni tədqiqat aparmağa meyilləndirdi.

- Necə oldu ki, Azərbaycan qadını mövzusunu seçdiniz?

- Xaricdə, xüsusilə tarix mövzusunda mənbə tapmağın nə qədər çətin olduğunu bilsəm də, anam Şəfiqə xanım mənə sosialist inqilabından öncəki dönəmdən, o zaman dərc olunan “İşıq” gəzeti və bu qəzet vasitəsi ilə qadınlarımızın rolundan bəhs edəndə artıq qərarımı qətiləşdirdim ki, mən jurnalistika və qadınlarımızla bağlı tədqiqat aparmalıyam.

Mövzunun Azərbaycan qadınları ilə bağlı olması fərqli cəmiyyətlərdə qadın statusu ilə maraqlanmağımla əlaqədardır. Çünki namizədlik (Master of Arts) elmi işimi "Türk qadınlarının Avropa Oryientalist Rəssamlarının təsvirlərində imici" mövzusu üzrə yazmışdım.

- Yer gəlmişkən, xaricdə yaşayan azərbaycanlı kimi ölkəmiz haqqında araşdırma aparmaq çətin olmadı?

- İlk başda araşdırmalar çətinliklə irəliləyirdi. 2015-ci ildən mənbə toplamağa başladım. Bəzi illərdə elə vaxtlar oldu ki, 3 - 4 ayda ancaq bir neçə səhifəlik arxiv materialları əldə edə bildim, istədiyim mənbələr üçün çox zaman aylarla gözləmək lazım idi. Mövzumla əlaqədar 3 dəfə Azərbaycana səfər etdim. 2015, 2017 və 2018-ci illərdə Axundov kitabxanasında, Milli Tarix muzeyində, Bakı Dövlət Universitetində görüşlər apardım, Nailə Vəlixanlı, Novella Cəfərova, Lətifə Əliyeva, İradə Qasımova kimi tanınmış qadın alimlərlə görüşdüm.

Amma bu yolda möcüzə kimi dəyərləndirdiyim nailiyyətlərim də olub. Məsələn, hörmətli Eldar İsmayılov araşdlrmalarımla bağlı öz kitablarını təmənnasız Rusiyadan - İtaliyaya, mənə göndərib, Nailə Vəlixanlı Fərhad Cabbarovun mövzumla əlaqədar kitabını mənə hələ ilk görüşdə verib, Əkrəm Bağırov Hənifə xanım Məlikovanın mövzumla bağlı əlyazmasının şəkillərini göndərib, Əsəd Aslanoğlu “İşıq” qəzetindən şeirləri transliterasiya edib göndərib, Fərhad Cabbarov Hacı Zeynalabdin Tağıyevin xeyriyyə işlərinin arxiv materiallarını paylaşıb. Ramiz Abutalıbov, Həsən Həsənov kitablarını göndəriblər və mənimlə dəfələrlə tarix üzrə və ümumiyyətlə, elmi araşdırmalar ilə bağlı söhbətlər aparıblar. Atam aylarla Axundov kitabxanasına gedib, məlumatlar toplayıb və surətlərini çıxarıb göndərib. Eləcə də jurnalist Sevil Ünal Hilalqızı arxiv materiallarının toplanmasında mənə dəstək verib.

Bu işdə mənə kömək edən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Rəhmətik Ramiz müəllim Abutalıbovu və əziz atam Nadir Hüseynovu böyük ehtiramla anıram.

- Elmi işinizin ən vacib aspektləri hansılardır?

- Ümumi qəbul edilmiş akademik mövqelərə və inanclara baxmayaraq, mənim akademik fəaliyyətim Azərbaycan qadınlarının artıq 19-cu əsrin ikinci yarısında şəbəkələşmə (networking) imkanları ilə ictimai fəallıqlarını və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından əvvəl siyasi aktivlikləri sübut və təsdiq edir. Bunlarla yanaşı araşdırmalarımdan aydın olur ki, Azərbaycan qadınları müsəlman qadınlar arasında müstəqil jurnalist fəaliyyətinə də öncülük ediblər.

Elmi işimdə arxiv materaillarına istinadla əldə etdiyim önəmli məlumatlardan biri də Azərbaycan jurnalistikasının Rusiya müsəlman mətbuatının inkişafına önəmli təsiri haqqındadır. Belə ki, indiyədək cografiyamızda müsəlman jurnalistikanın atası kimi bilinən, tanınmış naşir İsmayıl Qaspralı əslində publisist fəaliyyətinə başlarkən Azərbaycan mətbuatının banisi Həsən Bəy Zardabidən qəzet nəşrilə bağlı tövsiyələr və xeyir-dua istəyib, Zərdabinin Qaspralıya məktub vasitəsilə ideoloji aspektdə böyük təsiri olan tövsiyələri olub. Hacı Zeynalabdin Tağıyev də Qaspralıya yeni qəzet nəşr etməsi üçün mühüm miqdarda ianələr bağışlayıb. Bütün bu nüanslar dissertasiya işimdə əksini tapıb.

- Mövzu beynəlxalq elm ictimaiyyətində maraqla qarşılandımı?

- Elmi iş 445 səhifə, 4 fəsildən ibarətdir.

50 səhifəlik resenziyada müəllif kimi tərəfsiz görüşüm və interdisiplinar (antropologia, politologiya, sosiologiya, kulturologiya və psixologiya fənlərarası yanaşma) xüsusiyyətləri nəzərə almağım 4 rəy verən professor və 12 nəfərlik komissiya tərəfindən yüksək qiymətləndirildikdən sonra dissertasiya yekdilliklə qəbul olunub.

Burada rəy verən professorların görüşlərindən bəzi nümunələri təqdim eləmək yerinə düşərdi:

Varşava Universitetinin professoru, Yuriy Gribovskiy (Jerzy Grzybowski): “Müəllif mədəni və sosial dəyişiklikləri nəzərə alaraq tarixi hadisələri çoxaspektli təhlil edib. Elmi iş, arqumentin aydınlığı, ardıcıllığı və yüksək kommunikativlik dərəcəsi ilə xarakterizə olunur. İngiliscə yazılmış mətnin dili çox oxunaqlıdır ki, bu da müəllifin elmi işlərin yazılması texnikasına yiyələnməsində böyük məharətə malik olduğunu sübut edir”.

Varşava Dövlət İqtisad Universitetinin professoru, dr hab. Yoanna Modjeyevska-Leşnevska (Joanna Modrzejewska-Lesniewska): “Azərbaycanla bağlı elmi işin beynəlxalq aləmdə azlığını nəzərə alaraq, dissertasiya bizə təqdirolunan 25 səhifəlik bibliografiya təqdim edir. Bu çərçivədə dissertasiya subut edir ki, indiyə kimi bilinənlərin əksi olaraq, Azərbaycanda qadınların mübarizələri və fəallığı əslində o dövrün digər irəli, inkişaf etmiş cəmiyyətlərindən fərqlənməyib”.

Krakov Jagiellon Universitetinin professoru, dr hab. Piotr Nykiel (Pötr Nıkiel): “Dissertasiya İslam aləmində qadın mübarizəsinin öncüllərinin Osmanlı elitasının nümayəndələri yox, azərbaycanlı ziyalılar olduğunu sübut edir. Ona görə də bu dövrün faktiki tarix öndərliyini 20-ci əsrin birinci onilliyindən 19-cu əsrin üçüncü rübünə keçirməliyik”.

Pötrkuv Tribunalski (Piotrków Trybunalski) Akedimiyası Tarix İnstitutu profesoru, dr. hab. Pavel Olşevski (Pawel Olszewski): “İki əsr öncə Azərbaycanda qadınların sosial aktivlikləri ilə ictimai-siyasi həyatda mühüm rol oynamaları dünyaya nümunə olacaq haldır. Odur ki, bu elmi işin ingilis, polyak və Azərbaycan dilində kitab şəklində nəşr edilməsini tövsiyə edirəm”.

- Alimlərin rəyindən belə məlum olur ki, elmi tədqiqat işiniz həqiətən də polşalı alimlər tərəfinən layiqli dəyərini alıb. Gələcək fəaliyyətinizdə uğurlar diləyirik.

Nigar İsmayıl
Mediaservis.az