Muxtar Babayev: OPEC ölkələrinin dekarbonizasiya və yaşıl enerji yanaşmaları maraq doğurur

Enerji sistemlərinin gələcəyi ilə bağlı təqdim olunan məlumatlar və statistik göstəricilər xüsusi diqqət cəlb edir.
Bunu Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarında iştirak edən Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib.
“OPEC-in çox zəngin statistik bazası var. Burada həm keçmişdəki investisiyalar, istehsalat və istehlak göstəriciləri, həm də logistika və gələcəyə yönəlmiş layihələr üzrə geniş statistik məlumatlar və trendlər təqdim olunur”, - deyə Muxtar Babayev deyib.
O əlavə edib ki, seminarda aparıcı enerji istehsalçılarının əksəriyyəti təmsil olunub və bu da gələcək enerji istehsalı və istehlakı ilə bağlı ümumi yanaşmalarla tanış olmaq baxımından faydalıdır.
Muxtar Babayev vurğulayıb ki, bir sıra ölkələr artıq xalis sıfır və dekarbonizasiya proqramlarını qəbul edib və bu proqramlar çərçivəsində yaşıl enerjiyə xüsusi yer ayrılır: “Yaşıl hidrogen və digər alternativ enerji layihələri, eləcə də onların logistik imkanları ilə bağlı müxtəlif baxışlar və perspektivlər burada müzakirə olunur”.
Muxtar Babayev bildirib ki, seminarda COP29 və COP30 komandaları da təmsil olunub. İyulun 10-da seminar çərçivəsində “COP29-dan COP30-a doğru” adlı yüksəksəviyyəli panel müzakirəsi təşkil olunacaq və gündəlikdəki məsələlər interaktiv formatda müzakirə ediləcək.//Azərtac