ANAMA: 804 minə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilib

2015-ci ildən indiyədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, yerli icra orqanları və digər qurumların müraciətləri əsasında təcili təxirəsalınmaz əməliyyatlar (tək sursat əməliyyatları) aparılıb, 3 milyon 813 min 674 kvadratmetr ərazi yoxlanılıb və nəticədə 16 min 493 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Yerveinsan.az ANAMA-ya istinadən xəbər verir.

Ümumilikdə, indiyədək Agentlik tərəfindən cəmi 535 milyon 431 min 256 kvadratmetr ərazi təmizlənib, 803 min 907 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.

 
ANAMA ilə NATO/NSPA əməkdaşlığı çərçivəsində “Saloğlu layihəsi” üzrə 2005-2011-ci illərdə 5 milyon 700 min kvadratmetr və 2012-2018-ci illərdə “Ceyrançöl təmizləmə layihəsi” üzrə 66 milyon kvadratmetr ərazinin təmizlənməsi üzrə əməliyyatlar uğurla yerinə yetirilib. Nəticədə “Saloğlu layihəsi” və “Ceyrançöl təmizləmə layihəsi” çərçivəsində ümumilikdə 658 min 526 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.