Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb

17 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin baş direktoru Azər Bayramovu qəbul edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə, yeni yaranmış və İƏT-in ixtisaslaşmış təşkilatlarından olan Əmək Mərkəzinin gördüyü işlər və gələcək planlar müzakirə olunub.
Bununla yanaşı, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi, İƏT-in gələn il ölkəmizdə keçiriləcək Zirvə görüşünə və digər yüksək səviyyəli tədbirlərə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Bakıda İƏT üzv dövlətlərinin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində təsis edilmiş Əmək Mərkəzinin təşkilat çərçivəsində münasibətləri daha da irəli aparacağı qeyd olunub.
Aparılacaq işlərin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.