XİN: Azərbaycan COP29 çərçivəsində qlobal iqlim fəaliyyətinə davamlı miras qazandırdı

Azərbaycanın COP29-a sədrlik dövrü iqlim və şəhərsalma məsələlərinin qlobal gündəlikdə birləşdirilməsi baxımından mühüm mərhələ olub. Biz COP29 çərçivəsində iqlim fəaliyyəti üzrə çoxsektorlu fəaliyyət və təşəbbüsləri əhatə edən Bakı Davamlılıq Koalisiyasını yaratdıq. Bu koalisiyaya dörd sədr ölkə – Misir (COP27), Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan (COP29) və Braziliya (COP30) daxildir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Bakıda keçirilən ilk D-8 Yüksək Səviyyəli İqlim və Şəhərsalma Dialoqunda çıxışı zamanı deyib.
Elmar Məmmədov bildirib ki, COP29-un əsas nəticələrindən biri COP29 çərçivəsində keçirilən Şəhərsalma Günündə imzalanan Davamlı və Sağlam Şəhərlər üçün Çoxtərəfli Fəaliyyət Yolları (MAP) Bəyannaməsi qəbul edilməsi olub.
“Bu sənəd 200-dən çox tərəfdaşın və təxminən 60 ölkənin dəstəyi ilə qəbul edilib, həmçinin 100-dən çox şəhər bu təşəbbüsə qoşulub. Bu bəyannamə iqlimlə bağlı yeni çağırışları qlobal planlaşdırma və davamlı inkişaf mexanizmləri ilə uzlaşdırır”, - deyə Elmar Məmmədov qeyd edib.
İdarə rəisi onu da diqqətə çatdırıb ki, Azərbaycan şəhərləri beynəlxalq proqramlarda fəal iştirak edir: “Gəncə şəhəri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Yaşıl Şəhərlər Proqramının üzvüdür və bu çərçivədə yaradılan regional forumlarda ölkəmizi təmsil edir”.
Elmar Məmmədov çıxışının sonunda vurğulayıb ki, Azərbaycanın COP29 sədrliyi yalnız iqlim sahəsində deyil, həm də şəhərsalma və iqtisadi əməkdaşlıq istiqamətlərində yeni tərəfdaşlıq platformaları formalaşdırıb.//Azərtac