Xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb
Qış fəslinə hazırlıqla bağlı paytaxt rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq, mövsümə, xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb. Sonuncu hazırlıq tədbirləri Bakının Suraxanı, Səbail və Nəsimi rayonlarında keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən bildirilib ki, hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədilə BŞİH tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib.
Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərləri, həmçinin özəl sektorun nümayəndələri iştirak ediblər. Toplantılarda hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.
Qeyd olunub ki, rayonlardakı bütün təşkilatlar mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli, yağıntılar zamanı bitişik ərazilərin qardan və buzdan təmizlənməsi üçün müvafiq addımlar atmalıdırlar. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların mövcud texnikalarının da cəlb edilməsi qərara alınıb.
Eyni zamanda, həm də ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə və ictimaiyyət nümayəndələrinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştiraka çağırış edilib.

