Azərbaycan gələn il Horadiz-Ağbənd xəttini Ermənistan sərhədinə qədər çatdıracaq
Azərbaycan 2026-cı ilə qədər Horadiz-Ağbənd dəmir yolu xəttini Ermənistan sərhədinə qədər çatdırmağı planlaşdırır.
Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən 83-cü iclasının gedişində bildirib.
Onun sözlərinə görə, Şərq-Qərb istiqamətində, o cümlədən Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm irəliləyiş əldə olunub. Nazir vurğulayıb ki, bu marşrut yalnız şimal-qərb vektorunun yox, həm də Şimal-Cənub dəhlizinin vacib elementi hesab olunur.
“Hazırda illik 15 milyon tona qədər buraxıcılıq qabiliyyəti olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi fəal şəkildə davam edir. Bu xətti artıq 2026-cı ildə Ermənistan sərhədinə çatdırmağı planlaşdırırıq”, – deyə o bildirib.
R.Nəbiyev qeyd edib ki, paralel olaraq Azərbaycan Naxçıvan ərazisindən keçən 188 kilometrlik dəmir yolu seqmentinin bərpası üzərində iş aparır.//Trend
“Bu magistralın layihələndirmə mərhələsini başa çatdırmaq üzrəyik və yaxın zamanda tikinti işlərinə başlayacağıq”, – deyə nazir əlavə edib.

