Şuşada Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilib
Şuşa şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib.
İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Xocavənd rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də bərpa, tikinti və idarəetmə xidmətlərinin nümayəndələri iştirak edib.
İclasda İşçi qrupun üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən və yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti, yer təkindən istifadə sahəsində görülən işlər, filiz, qeyri-filiz, şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti və onlardan istifadə perspektivləri, təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı görülmüş işlər və bu sahədə idarəetmənin təkmilləşdirilməsi haqqında, bu ərazilərdə ekoloji pozuntuların qarşısının alınması istiqamətində görülən işlər haqqında iclas iştirakçılarına məlumat verilib.
İclasda iştirak edən digər qurumların nümayəndələri tərəfindən infrastruktur layihələri həyata keçirilərkən ekoloji icazələrlə bağlı qaldırılan məsələlər və müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə edilib.//Azərtac

