Süni intellektin sürətli inkişafı yeni ekoloji risklər yaradır

Süni intellektlə bağlı risklər qarşıdakı onillik üçün ən böyük 10 qlobal risk sırasında ilk yerlərdə qərarlaşıb.

İqtisadi, geosiyasi və sosial risklər ekoloji və texnoloji risklərlə qarşılıqlı əlaqədədir.

Dünyada süni intellekt texnologiyalarının sürətli inkişafı iqlim sahəsində – hava proqnozlarının dəqiqləşdirilməsi, biomüxtəlifliyin qorunması və təbii fəlakət risklərinin azaldılması kimi istiqamətlərdə mühüm faydalar yaradır. Lakin texnologiya ciddi ekoloji və etik təsirlərə malikdir və bu istiqamətdə narahatlıqları artırır.

Süni intellektin ətraf mühitə təsiri əsasən modellərin öyrədilməsi zamanı sərf olunan yüksək enerji, AI alətlərinin gündəlik istifadəsi zamanı yaranan hesablama yükü, onu təmin edən məlumat mərkəzlərinin soyudulması üçün istifadə olunan su ehtiyatları və avadanlıqların yaratdığı karbon izi ilə bağlıdır. “OpenAI” şirkətinin baş icraçı direktoru Sem Altmanın sözlərinə görə, “ChatGPT” ilə ünsiyyətdə sadəcə “zəhmət olmasa” və “təşəkkür edirəm” kimi ifadələrin işlədilməsi belə daha çox enerji sərfiyyatına səbəb olur və bu, on milyonlarla dollar həcmində əlavə hesablama xərci yaradır.

Məlumata görə, “OpenAI” şirkəti GPT-3 modelinin öyrədilməsi üçün təxminən 1 287 meqavat-saat elektrik enerjisi sərf edib ki, bu da ABŞ-da 120-dən çox ev təsərrüfatının bir il ərzində istifadə etdiyi enerji miqdarına bərabərdir.

Araşdırmalara əsasən, qlobal miqyasda süni intellektdən istifadə zamanı yaranan su istehlakının 2027-ci ildə 4,2–6,6 milyard kubmetrə çatacağı proqnozlaşdırılır ki, bu da Danimarkanın bir il ərzindəki ümumi su istehlakından 4–6 dəfə çoxdur.

Bununla belə, süni intellektlə bağlı emissiyaların ölçülməsi üçün hələ də vahid standart mövcud deyil.

Ekspertlər hesab edirlər ki, süni intellektin potensial imkanları böyük olsa da, onun ətraf mühitə və cəmiyyətə mənfi təsirləri ilə açıq şəkildə üzləşmək, bu sahədə tənzimləyici mexanizmləri və şəffaflığı gücləndirmək zəruridir.//Azərtac