Bərdədə sözün və şeirin bayramı – Dədə Telmanın 85 illik yubileyi
Yanvarın 31-də Bərdə Rayon Mədəniyyət Mərkəzinin tamaşaçı zalında sözün, şeirin və poeziyanın əsl bayramı yaşandı. Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan, “Dədə Telman” təxəllüsü ilə sevilən şair Telman Hüseynin 85 illik yubileyi münasibətilə keçirilən tədbir Bərdənin şeir və mədəniyyətsevərlərini bir araya gətirdi. Tədbiri aparıcı Aynur Qarayeva açaraq qonaqları və yubilyarı salamladı. Açılış mərasimi Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Zalda dərin ehtiram və duyğu dolu anlar yaşandı. Daha sonra Bərdə Rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova çıxış edərək Dədə Telmanın zəngin yaradıcılıq yolundan söz açdı, onun Azərbaycan poeziyasına verdiyi töhfələri yüksək qiymətləndirdi. Bildirdi ki, şairin əsərlərində vətənə sevgi, insanpərvərlik və milli-mənəvi dəyərlər əsas xətt təşkil edir. Şeir məclisinin aparıcılığını şair Kamil Vəfadar Aynur Qarayeva ilə birlikdə davam etdirdi. Tədbir boyu söz adamlarının çıxışları zalda xüsusi ruh yüksəkliyi yaratdı. Şair Əlövsət Saldaş səmimi və kövrək xatirələri ilə tədbirə xüsusi rəng qatdı. O, Dədə Telmanla bağlı maraqlı xatirələrini bölüşərək onların tanışlığında mərhum şair Eldar Baxışın mühüm rolunu vurğuladı. Şairlər Rizvan Nəsiboğlu, Qabil Əsəd, İsa Sevər, Zabil Təcnis, Aqşin Hacızadə bir-birindən dəyərli çıxışları ilə yubilyarın poeziya dünyasına işıq saldılar. Çıxışlarda qeyd olundu ki, Dədə Telman əslən Qərbi Azərbaycandandır və 1950-ci illərdə ailəsi ilə birlikdə zorla Bərdəyə köçürülüb. Buna baxmayaraq, şair doğma yurduna olan sevgisini heç zaman itirməyib. Onun vətənpərvərlik ruhlu şeirləri bu gün də gənc nəsil üçün örnəkdir. Tədbir musiqili nömrələrlə də yadda qaldı. Reyhan Rəcəbova və Ərəstun Əliyev ifa etdikləri mahnılarla yubilyarı təbrik etdilər, saz havaları isə məclisə xüsusi ovqat bəxş etdi. Sonda Dədə Telman Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı tərəfindən hədiyyə ilə təltif olundu. Tədbir xatirə şəkilləri və xoş arzularla başa çatdı. Bərdə bir daha sübut etdi ki, sözə, şeirə və sənətkara dəyər verən bir diyardır. Dədə Telmanın 85 illik yubileyi isə bu dəyərin parlaq nümunəsi kimi yadda qaldı.Sonda tədbirin yüksək səviyyədə təşkilinə görə Bərdə Rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədovaya dərin təşəkkürümüzü bildiririk. Belə bir mənalı və yaradıcı yubiley gecəsini ərsəyə gətirərək onu əsl söz və poeziya bayramına çevirməsi mədəniyyətimizə və ədəbiyyatımıza göstərilən böyük ehtiramın bariz nümunəsi oldu.
Musa Muradlı

