Elman Nəsirov: “Hazırda hədəf İranda siyasi hakimiyyətin devrilməsi və xalqın hakimiyyəti ələ almasıdır”
“ABŞ və İsrail birlikdə İran İslam Respublikasına zərbələr endirir. Artıq demək olar ki, regionda ikinci müharibə başlayıb. Birincisi, keçən ilin iyun ayında baş verən 12 günlük müharibə idi. İndiki müharibənin nə qədər çəkəcəyini söyləmək çox çətindir. Hazırda hədəf İranda siyasi hakimiyyətin devrilməsi və xalqın hakimiyyəti ələ almasıdır. Bu nə zaman baş verəcəksə, həmin zamana qədər müharibənin davam edəcəyini proqnozlaşdırmaq mümkündür. İsrailin baş naziri Netanyahu məhz məsələni belə qoyub. Müharibənin başlaması labüd idi. Televiziyaların birində mənə belə bir sual verdilər ki, müharibə başlayacaq, ya yox? Cavabım isə belə oldu ki, müharibənin başlayacağı və ya başlamayacağı sualı, ümumiyyətlə, yoxdur. Başlayacaq... Sadəcə, sual budur ki, nə zaman olacaq? Bu mövqeyimi təsadüfən söyləməmişdim. Dissertasiya işimin bir fəsli ABŞ-İraq arasında 2003-cü ilin martın 19-dan 20-ə keçən gecə baş verən müharibə idi. O zaman ABŞ regiona o qədər hərbi qüvvə toplamışdı ki, bu məqsəd üçün təxminən 150 milyard dollar vəsaitin xərcləndiyi bildirilirdi. O vəziyyət müharibə ilə nəticələndi. Çünki müharibə baş verməsəydi, 150 milyard dolları kim ödəyəcəkdi?”
Yerveinsan.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, sanki həmin o müharibənin təkrarı müşahidə edilir: “Birləşmiş Ştatlar təxminən o qədər hərbi qüvvəni Fars körfəzi regionuna toplamışdı. Mən eyni məntiqlə düşünürdüm ki, müharibə labüddür sadəcə, onun vaxtını bilmirik. Başlandı... ABŞ-nin müharibədən öncə üç şərti var idi: İran öz nüvə proqramından, öz raket proqramından və proksi qüvvələri müdafiə siyasətindən imtina etsin. Söhbət Hizbullah və Həmasdan gedirdi. Bunların heç biri qəbul edilmədi və müharibə başladı. ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciət edib. Bu müraciətində bir daha bildirir ki, müharibənin başlamasında məqsədimiz İrandan gələn təhdidlərin qarşısını almaqdır və o, İranı dünyada bir nömrəli terrorçuluğu maliyyələşdirən, onun sponsoru kimi qeyd etdi. Eyni zamanda, İran xalqına müraciətində onu da vurğuladı ki, müharibənin aktiv fazasıdır deyə insanlar küçələrə çıxmasınlar, lakin bir qədər aktiv faza enməyə başladıqda ayağa qalxıb hakimiyyəti ələ alsınlar və ABŞ Prezidenti İran ordusuna, onun silahlı qüvvələrinə müraciət etdi ki, silahı yerə qoyun. Kim bunu edərsə onlar toxunulmazdır. Kim bunu etməyəcəksə, onlar həyatları ilə vidalaşacaqlar. Yəni ölümə məhkumdurlar. Artıq son məlumatlara görə, İran da İsrailə və ABŞ-nin Fars körfəzindəki bazalarına raket zərbələr endirib. Regionda dəhşətli müharibə başlayıb”.
E.Nəsirov qeyd edib ki, mövcud vəziyyətdə Azərbaycan XİN, Azərbaycan vətəndaşlarına İranı tərk etməyə və ora səfər etməməyə çağırıb və bu, məntiqli addımdır: “Çünki dəhşətli müharibənin nə zaman başa çatacağını söyləmək mümkün deyil. Daha uzunmüddətli müharibə olacağı proqnozlaşdırılır. Hər şey müharibənin başa çatma surətindən asılı olacaq. Müharibə uzanarsa, artıq regiondankənar oyunçuların bu prosesdə iştirakı, fəallığı arta bilər. Təsadüfi deyil ki, Rusiya və Çin müharibə öncəsi Fars körfəzi, Hörmüz boğazı ərazisində hərbi təlim keçirdilər. Hər kəs də bunu gözəl bilir ki, bu, ABŞ-yə mesaj idi ki, “biz İranı tək qoymayacağıq”. Ona görə də ABŞ strateji hədəflərinə sürətlə nail olsa, bu, bir mənzərədir, yubanarsa, fərqli mənzərədir. Yubanması müharibənin xarakterini dəyişə bilər və iştirakçılarının sayını artıra bilər. Bu səbəbdən gedən proseslərlə bağlı proqnoz vermək xeyli çətinləşib. Hər şey müharibənin sürətindən, dinamikası, İranın müqavimət potensialından və yaxud ABŞ, İsrailin nə qədər qətiyyətli hücum taktikasından asılı olacaq. Bir şey bəllidir ki, ABŞ və İsrail bu dəfə İranın nüvə proqramına son qoymayınca, siyasi rejimi devirməyənə qədər silahı yerə qoymayacaqlarını bəyan ediblər”.
Şəhanə Quliyeva

