“Bakı şəhərinin Baş Planı 2040”, “Ağıllı şəhər” yanaşmaları və çoxtərəfli əməkdaşlıq müzakirə olunub


Mayın 21-də Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma, iqlimədavamlı urbanizasiya və dayanıqlı inkişaf mövzularına həsr olunan müzakirələr davam edib. 

WUF13 tədbirinin beşinci günü çərçivəsində çoxsaylı dialoqlar, xüsusi sessiyalar və qrup iclasları təşkil olunub.

Bu gün “Afrika üzrə Əlçatan Mənzil Paktı”na həsr olunmuş xüsusi sessiyanın açılışında çıxış edən BMT Baş katibinin müavini Əminə Məhəmməd qlobal mənzil probleminin aktuallığına diqqət çəkərək bildirib ki, “imkanların formalaşdığı və ya insanların bu imkanlardan kənarda qaldığı ilk məkan evdir”. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax tədbirdə iştirak edib.

Qeyd olunub ki, dünyada hər üç nəfərdən biri hələ də adekvat mənzil şəraitindən məhrumdur. Hökumətləri, maliyyə institutlarını, özəl sektor nümayəndələrini və inkişaf tərəfdaşlarını bir araya gətirən bu Paktın əsas məqsədi qitə üzrə investisiyaların təşviqi və əlçatan mənzil layihələrinin genişləndirilməsinin təmin edilməsidir.

WUF13 çərçivəsində əsas sessiyalardan biri “Böhrandan sonra mənzil sektorunda bərpa və yenidənqurma işlərinin mərkəzi rolu” mövzusuna həsr olunub. Sessiyada Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev;  Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, eləcə də UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax, Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Əməliyyatlar üzrə baş direktor müavini Ugochi Daniels və beynəlxalq ekspertlər çıxış ediblər.

Tədbirdə münaqişələr, iqlim təsirləri və təbii fəlakətlərdən zərər çəkmiş şəhərlərdə mənzil təminatının əhəmiyyəti, eləcə də mənzil, torpaq və mülkiyyət hüquqlarının qorunması məsələləri müzakirə olunub. Həmçinin, hökumətlərin, icmaların və özəl sektorun yaşayış yerlərin genişmiqyaslı yenidən qurulmasında oynadığı rol nəzərdən keçirilib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış edərək işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və müasir şəhərsalma yanaşmaları barədə məlumat verib. Qeyd olunub ki, Böyük Qayıdış proqramı çərçivəsində indiyədək Ağdam, Füzuli və Xocavənd rayonlarına 13 min 700 nəfərin köçü təmin edilib. Sessiyada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yaşıl enerji, rəqəmsal idarəetmə, dayanıqlı infrastruktur və ekoloji məsuliyyətli şəhərsalma həllərinin tətbiqi, eləcə də bərpaolunan enerji, innovativ istilik sistemləri və rəqəmsal bağlantı imkanlarının inteqrasiya olunduğu dayanıqlı yaşayış məkanlarının formalaşdırılması məsələləri müzakirə olunub.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, UN-Habitat və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” mövzusunda sessiya keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev, UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax və təşkilatın sabiq icraçı direktoru Maymuna Möhd Şərif çıxış ediblər.

Sessiya çərçivəsində qlobal mənzil böhranı, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, əlçatan mənzil siyasətləri və beynəlxalq öhdəliklərin yerli səviyyədə tətbiqi məsələləri müzakirə olunub. Çıxışında Anar Quliyev şəhərlərin bir-biri ilə əlaqəli ekosistemlər olduğunu bildirərək, mənzil siyasətinin nəqliyyat, əmək bazarı, enerji səmərəliliyi və sosial infrastrukturla inteqrasiya olunmuş şəkildə planlaşdırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, dayanıqlı şəhər inkişafı üçün uzunmüddətli strateji baxış, innovativ maliyyələşdirmə mexanizmləri və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. 

WUF13 çərçivəsində “Bakı şəhərinin Baş Planı 2040” layihəsinə həsr olunmuş sessiya keçirilib. Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhəri Baş Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov çıxış edərək sənəddə ekoloji dayanıqlılıq, iqlimə davamlılıq, innovativ həllər və insan yönümlü yanaşmalar şəhərin gələcək inkişaf strategiyasının əsas prioritet istiqamətləri kimi əksini tapıb. Bildirilib ki, Baş Plan çərçivəsində Bakının unikal memarlıq və mədəni irsi qorunmaqla yanaşı, ictimai məkanların, parkların, piyadalar üçün əlverişli mühitin, sosial infrastrukturun və şəhər xidmətlərinin inkişafına xüsusi diqqət yetirilir.

Müzakirələrdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə yanaşı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndələri və beynəlxalq tərəfdaşlar da iştirak ediblər. Çıxışlarda inteqrasiya olunmuş nəqliyyat sisteminin inkişafının, ictimai nəqliyyatın gücləndirilməsinin, nəqliyyat növləri arasında əlaqələrin təkmilləşdirilməsinin və tıxacların azaldılmasının şəhərin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Forum çərçivəsində “Uşaqlar və gənclər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək dayanıqlı şəhərlərin inklüziv və insan mərkəzli yanaşmalar əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Sessiyada gənclərin şəhər inkişafı prosesində iştirakı, icma əlaqələrinin gücləndirilməsi, innovasiya və texnologiyanın sosial inteqrasiyaya təsiri məsələləri müzakirə olunub. Çıxışında nazir dayanıqlı şəhər inkişafının yalnız infrastruktur və investisiyalardan deyil, həm də iştirakçılıq, etimad, həmrəylik və insan əlaqələrindən asılı olduğunu bildirib.

WUF13 çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “SeCure Model – Münaqişədən sonrakı şəhərlərin davamlı və gücləndirici mədəni canlanması” mövzusunda panel sessiya təşkil olunub. Tədbirdə üzv dövlətlərin nümayəndələri, BMT sistemi təmsilçiləri, vətəndaş cəmiyyəti institutları, mədəni irs üzrə beynəlxalq və yerli ekspertlər, həmçinin akademik dairələrin nümayəndələri iştirak ediblər. Sessiyada postmünaqişə dövründə şəhərlərin bərpası zamanı mədəni irsin qorunması, şəhər kimliyinin yenidən formalaşdırılması, sosial dayanıqlılığın gücləndirilməsi və mədəniyyətin şəhər regenerasiyasında rolu ətrafında fikir mübadiləsi aparılıb.

Panel sessiyada çıxış edən Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, yenidənqurma prosesi yalnız dağıdılmış infrastrukturun bərpasını deyil, insanların aidiyyət hissinin, tarixi-mədəni yaddaşın və ictimai bağların yenidən canlandırılmasını da əhatə edir. Onun sözlərinə görə, “Böyük Qayıdış” proqramının əsas məqsədlərindən biri işğaldan əvvəl mövcud olmuş sosial-mədəni mühitin bərpasıdır. Nazir müavini, həmçinin qeyd edib ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəniyyəti milli inkişafın, ictimai həmrəyliyin və dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirir.

WUF13-ün tədbirlər proqramı çərçivəsində “Şəhərsalmanın yenidən qurulması – Azərbaycan şəhər transformasiyası üçün İnnovasiya Laboratoriyasını necə yaratdı?” mövzusunda sessiya keçirilib. Sessiyada Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarəetməsi şöbəsinin müdiri Ramil Cahangirov çıxış edərək işğaldan azad olunmuş şəhərlərdə həyata keçirilən yenidənqurma işlərində hər bir yaşayış məntəqəsinin coğrafi xüsusiyyətlərinə, landşaftına və memarlıq kimliyinə uyğun yanaşmaların tətbiq olunduğunu bildirib. Sessiyada şəhər transformasiyası, dayanıqlı yenidənqurma və innovativ şəhərsalma həlləri müzakirə olunub. 
Həmçinin, Kəlbəcərdə dağlıq relyefə uyğun Alp üslubunun, Zəngilanda isə müasir memarlıq elementlərinin tətbiqinin şəhərlərin vizual kimliyi və funksional inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)” mövzusunda sessiya keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev videomüraciətlə çıxış edib. Sessiyada şəhərlərin iqlim riskləri və iqlim həllərində rolu, dayanıqlı şəhər inkişafı, resurslardan səmərəli istifadə və institusional dayanıqlılığın gücləndirilməsi məsələləri müzakirə olunub. Çıxışda şəhər ərazilərinin qlobal enerji istehlakı və istixana qazı emissiyalarındakı payına diqqət çəkilərək, Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanmasının dayanıqlı inkişaf prinsiplərinin planlaşdırma və idarəetmə proseslərinə inteqrasiyası baxımından əhəmiyyəti vurğulanıb.

Mayın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Urban Expo" sərgisinə baxıblar.

Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycanın, o cümlədən müxtəlif ölkələrin milli pavilyonlarında və stendlərində təqdim edilən layihələr və innovativ şəhərsalma həlləri ilə tanış olublar.

Forum çərçivəsində Azərbaycan pavilyonunda “Şəhərlər üçün izahlı lügət”in təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarəetməsi şöbəsinin müdiri Ramil Cahangirov çıxış edərək lüğətin şəhərsalma sahəsində vahid peşəkar terminologiyanın formalaşdırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müasir urbanizasiya yanaşmalarının daha aydın anlaşılması baxımından əhəmiyyətini vurğulayıb. Dayanıqlı şəhərsalma, BMT-nin dayanıqlı inkişaf gündəliyi və şəhər idarəçiliyi ilə bağlı əsas anlayışların sistemli izahını təqdim edən bu nəşr memarlar, tədqiqatçılar və akademik ictimaiyyət üçün praktiki mənbə rolunu oynayacaq.

“Urban Expo” sərgisində yerləşən Şəhər kinoteatrında Şəkinin tarixi, mədəni və memarlıq irsinə həsr olunmuş “Şəki: Şəbəkə sənəti, tarix və ustalıq - Azərbaycanın canlı mədəni irsini yaratdığı şəhər” sənədli filminin nümayişi keçirilib. Tədbirdə Şəkinin qədim ticarət və sənətkarlıq mərkəzi kimi formalaşması, 2500 ildən artıq tarixə malik şəhərin memarlıq irsi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki Xan Sarayı və Şəki qalası haqqında məlumat təqdim olunub. Filmdə, həmçinin Azərbaycanın ənənəvi şəbəkə sənəti, ipəkçilik ənənələri və şəhərin mədəni kimliyini yaşadan sənətkarlıq irsi xüsusi vurğulanıb. Nümayiş zamanı Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Xəyalə Musayevanın şəhərdə həyata keçirilən müasir inkişaf layihələri, turizm potensialı və iqtisadi təşəbbüslərlə bağlı fikirləri də yer alıb. 

Şəhər Kinoteatrında həmçinin məşhur aktyor və humanitar fəal Riçard Gir tərəfindən təsis edilmiş “Gere Foundation”ın hazırladığı “Gözardı edilən həqiqət: Evsizlik” adlı sənədli film nümayiş etdirilib. Film vasitəsilə evsizliyin sosial və humanitar təsirləri, inklüziv mənzil siyasətinin əhəmiyyəti və bu sahədə qlobal həmrəyliyin gücləndirilməsi məsələlərinə diqqət yönəldilib.

“Urban Expo” sərgisində yerləşən Azərbaycan pavilyonunda “AnewZ” telekanalının Naxçıvan Muxtar Respublikasına həsr olunmuş sənədli filmi nümayiş etdirilib. Filmin prodüseri və direktoru Frederiko Naccache çıxış edərək layihə üzərində işləyərkən Naxçıvana səfər etdiyini, yerli alimlər, ziyalılar və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirdiyini bildirib. Sessiyada Naxçıvanın tarixi, mədəni irsi, memarlıq abidələri, coğrafiyası və müasir inkişafı haqqında məlumat təqdim olunub. Filmdə uzun illər blokada şəraitində yaşayan Naxçıvanın sosial-iqtisadi inkişafı, mədəni irsinin qorunması və bölgənin turizm potensialı diqqətə çatdırılıb. Qeyd olunub ki, bu ekran işi WUF13 çərçivəsində hazırlanan sənədli filmlər silsiləsinin yeddinci epizodu olub.

WUF13 çərçivəsində həmçinin WUF Akademiyası, Şəhərlərin səsi, DİM-lərin tətbiqi, Şəhər kinoteatrı, Şəhər kitabxanası, BMT-nin Məskunlaşma Proqramının arenası, Təcrübə mərkəzi, Biznes və innovasiyalar mərkəzi nəzdində digər çoxsaylı tədbirlər təşkil olunub.