FHN Sumqayıtda qanunsuz tikilini söküb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı tədbirlər davam etdirilir.
FHN-dən bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunub. Bununla bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərlə bağlı nəzarət tədbirlərinin davam etdiriləcəyini bildirib.

