Xarxar nekropolunda arxeoloji tədqiqatlar aparılır

Qafqaz Albaniyasının maddi mədəni irsinin tədqiqi Azərbaycan arxeologiyasının ən aktual mövzularından biridir. Bu sahədə son illərdə mühüm uğurlara imza atılmışdır. Qafqaz Albaniyasının antik və ilk orta əsrlərə aid qəbir abidələrinin tədqiqini xüsusi olaraq vurğulamaq lazımdır. İndiyədək Azərbaycan ərazisində albanlara məxsus küp qəbirləri, taxta qutu qəbirlər, daş qutu qəbirlər, katakomba qəbirlər qazılmış və tədqiq edilmişdir.
Bu istiqamətdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gədəbəy rayonu ərazisindəki Xarxar nekropolunda apardığı arxeoloji qazıntılar ciddi elmi araşdırmaların bariz nümunəsidir. Artıq İnstitutla “Azerbaijan International Mining Company” (AIMC) arasında bağlanmış birgə müqaviləyə əsasən Gədəbəy rayonunun Xarxar kəndində yerləşən eyniadlı nekropolda arxeoloji qazıntılara start verilmişdir. Nekropolda AMEA Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqlarından, alban irsini öyrənən və tədqiq edən araşdırmaçılardan, antropoloqlardan, etnoqraflardan, bərpaçı-rəssamlardan və s. mütəxəssilərdən ibarət geniş tərkibdə təşkil olunmuş Gədəbəy arxeoloji ekspedisiyasının Xarxar dəstəsi fəaliyyət göstərir. Arxeoloji ekspedisiyanın rəhbəri AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Şamil Nəcəfovdur.
Xarxar nekropolunun yerləşdiyi məkan ilk dəfə 2012-ci ildə mərhum arxeoloq Qoşqar Qoşqarlı tərəfindən Şəmkir və Gədəbəy rayonları ərazisində alban dövrünə aid arxeoloji abidələrin qeydiyyatı aparılan zaman yerli əhalinin verdiyi məlumat əsasında müəyyən edilmiş, əraziyə ilkin arxeoloji baxış keçirilmiş, müşahidələr aparılmış və abidənin xüsusiyyətləri müəyyən edilmişdir. Nekropolda arxeoloji kəşfiyyat işlərinə söykənən ilk əsaslı tədqiqat isə 2023-cü ildə Gədəbəy arxeoloji ekspedisiyasının rəhbəri Tükəzban Göyüşova tərəfindən aparılmış, nekropolun tutduğu areal müəyyənləşdirilmiş, qəbirlərin bəziləri fotolaşdırılmış, abidənin yerləşdiyi ərazinin çevrə koordinatları götürülmüş və bu barədə toplanılan informasiya müəllifin elmi hesabatına daxil edilmişdir.
Xarxar nekropolu Gədəbəy rayonunun Xarxar kəndində, Xarxarçayın kiçik dağ çayı qolunun hündür sol sahilində, yüksək dağ zirvəzindən çay dərəsinə yönəlik yastı, az maili təpəliyin üzərində qərarlaşır.
Şamil Nəcəfovun verdiyi məlumata görə, nekropolun sahəsi 1 ha-dan bir qədər artıqdır. İlkin müşahidələr onu deməyə əsas verir ki, zamanında nekropolun sərhədləri daha geniş əraziləri əhatə etmişdir. Bu fikri yaxın ətraflardan, xüsusilə əkin yerlərindən tapılan eyni formalı qəbir daşlarının aşkarlanması da sübut edir. Ayrıca, nekropolun şərq hüdudunda sərt dağ yamacının torpaqlarını yağış və sel sularının yuması və aşınma nəticəsində bəzi qəbirlər dağıntıya məruz qalmışdır. Nekropolda ilkin müşahidələr zamanı yerüstü əlamətləri bilinən 130-a qədər qəbir abidəsinin varlığı qeydə alınmışdır. Qəbirlərin bəziləri dikinə basdırılmış baş və ayaq daşları, qəbir kameraları üzərində cənub-qərb – şimal-şərq istiqamətində uzadılmış sinə daşları ilə müşayiət olunurlar. Yalnız sinə daşları ilə müşayiət olunan qəbirlərin sayı isə daha çoxdur. Qəbirlər sıx salınmışdır və qəbirüstü daşların ölçüsündə qeyri-standartlıq müşahidə olunur. Baş və sinə daşları təxminən 2-2,5 m uzunluğunda, 50-80 sm qalınlığında olub, ağırlıqları 200-300 kq-dan 1 tona qədərdir. Ehtimal etmək olar ki, bu qədər ağır çəkidə qəbir daşları zamanında xüsusi texnologiya ilə qəbristanlığa gətirilmiş, dəfn mərasimlərində istifadə edilmişdir.

Nekropolda arxeoloji qazıntı işlərindən öncə ölçü işləri aparılmış, reperlər təyin edilmiş və qazıntı sahəsi müvafiq qazıntı zonalarına (A, B, C, D, E) və qazıntı kvadratlarına (A1, A2, B1, B2, və i.a.) bölünmüşdür. 10x10 m ölçüdə 17 qazıntı kvadratı (şimal-cənub istiqamətində) müəyyən edilmiş, 1700 m2-lik ümumi qazıntı sahəsinin 12 kvadratında ilkin mərhələ artıq tamamlanmışdır. Nekropoldakı qəbirlərin dəqiq sayını və onların tutduğu arealı müəyyən etmək məqsədilə ərazinin üst torpaq örtüyü relyefdən asılı olaraq 20-40 sm qalınlığında götürülmüşdür. Üst torpaq örtüyün götürülməsi nəticəsində xeyli sayda yeni qəbirlər (əsasən uşaq qəbirləri) müəyyən edilmiş, beləliklə, qəbirlərin ümumi sayı hələlik 500-ə yaxın olmuşdur. Bu rəqəm, yerüstü əlamətləri əsasında müəyyən edilmiş qəbirlərin sıralamasında statistik artımı və nekropolun qəbirlərinin real sayını göstərir. Torpaq işlərinin digər kvadratlarda tamamlanması prosesinin sonunda bu qəbirlərin sayında yenə də artım istisna edilmir.
Nekropolun qəbirlərində vahid istiqamət prisnsipi gözlənilir. Müşahidə edilmişdir ki, bəzi sapmaları nəzərə almasaq əksər qəbirlər cənub-qərb – şimal-şərq istiqamətində salınmışdır. Qəbir daşları üzərində işlənmə izləri və əlamətləri yoxdur. Daşların demək olar ki, çox böyük əksəriyyəti təbii qaya, dağ daşlarıdır. Bəzi qəbir daşları qranit cinslidir. Çox az sayda baş və sinə daşlarının səthi kobud formada hamarlanmışdır. Belə daşların üzərində əsasən cızma üzulu ilə alban xaçları təsvir edilmlişdir. Xaç təsvirlərinə müxtəlif formalarda rast gəlinir. Yanları qabartmalı lotos gülü formasında həkk edilmiş xaç təsvirləri daha çox üstünlüyə malikdirlər. Onların sayı az olsa da alban dövrü xristian simvollarının müəyyən edilməsi baxımından əhəmiyyət daşıyırlar. Tərtibatı və özünəməxsus təsvir xüsusiyyətlərinə görə alban xaç daşları dövrün memarlığının, incəsənətinin və dini simvolikasının üzvi sintezini yaratmışdır. Alban xaç daşları haqqında elmi tədqiqatlar alban xristian abidələrinin tarixini arxeoloji və memarlıq baxımından tədqiq etməyə, xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir.
Növbəti mərhələdə qəbirlərin açılması, dəfn adətlərinin tədqiq edilməsi, insan qalıqları üzərində antropoloji tədqiqatların aparılması və s. işlər planlaşdırılır.
İlkin tədqiqatlar onu deməyə əsas verir ki, nekropolda dəfnlər az sayda xristianlığa qədərki mərhələyə, daha çox dəfnlər isə xristianlığın qəbulundan sonrakı mərhələyə aiddir. Təxmin etmək olar ki, xristianlığın qəbulundan sonrakı 4-5 əsr ərzində nekropolda dəfnlər ardıcıl olaraq icra edilmişdir.
Nekropolda arxeoloji tədqiqatlar davam edir.