Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb

Sentyabrın 2-də gecə saatlarında Sabunçu rayonunun Maştağa qəsəbəsində Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində yanğın baş verməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın söndürüldükdən sonra əraziyə baxış zamanı neft kəmərinə qanunsuz müdaxilə məqsədilə əlavə avadanlıqların quraşdırıldığı müəyyən edilib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində neft kəmərinə qanunsuz müdaxilə edərək oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov müəyyənləşdirilərək saxlanılıblar.

Yanğın hadisəsinin də məhz bu şəxslərin neft kəmərinə qanunsuz müdaxiləsi səbəbindən baş verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.