Daxili işlər naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 1-də Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən şəhər sakinləri nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı avqustun 31-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi,e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı sentyabrın 1-də saat 08:00-da Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

