Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Bu ilin üçüncü rübü ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 4920 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 817-si məlumat üçün olmaqla 4459 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 38-i məlumat xarakterli olmaqla 409 müraciət olunub. İstilik təchizatı ilə bağlı ikisi məlumat üçün olmaqla 9 müraciət edilib. Digər məsələlərlə bağlı isə ikisi məlumat üçün olmaqla 43 müraciət göndərilib.

EMTA-dan  bildirilib ki, müraciətlərdən 3342-si agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (78 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 16 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 703 müraciət hazırda baxılma prosesindədir, 859 məlumat xarakterli müraciətdən 410-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizat sxemini dəyişən 31 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 94 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 53 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 64 inzibati xəta haqqında işə baxılıb, onlardan 63 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 1 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub. Həmçinin elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 234 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 184 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 88 müəssisədə 239 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.